Abşeronda “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilib
Bu gün Abşeron Rayon İcra Hakimiyyəti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) nin birgə təşkilatçılığı ilə “Vətənin müdafiəsinə hazıram!” mövzusunda tədbir keçirilib.
Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, SHXÇDX-nin rəis müavini general-mayor Novruzəli Orucov, sözügedən xidmətin Abşeron rayon idarəsinin şəxsi heyəti, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli, “Əfqanıstan Müharibəsi Veteranları” İctimai Birliyinin sədri Məhəmməd Vəliyev, şagirdlər, şəhid ailələrinin üzvləri, Qarabağ müharibəsi veteranları iştirak ediblər.
Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçirilən tədbirdə, iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edərək önünə gül dəstələri düzüblər.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsinin ehtiramla yad edilməsi ilə başlanan tədbiri giriş sözü ilə açan Abşeron Rayon İcra Hakimiyyəti Başçısı İradə Gülməmmədova tədbirin gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyəsində mühüm əhəmiyyət daşıdığını bildirib. Ölkəmizdə bütün sahələrdə olduğu kimi, ordu quruculuğu sahəsində də böyük inkişafın əldə edildiyini vurğulayan başçı rayonda vətənpərvərlik hisslərinin aşılanması istiqamətində görülən işlərdən danışıb. Bu səpkili tədbirlərin tez-tez keçirildiyini, orta məktəblərdə açıq hərbi dərslərin düzənləndiyini qeyd edən xanım İ.Gülməmmədova şəhid ailələrinə, Qarabağ əlillərinə və veteranlarına göstərilən diqqət və qayğıdan söz açıb. Abşeronda 192- şəhid ailəsinin olduğunu, onlarda 172-nin mənzillə, digərlərinin isə torpaq sahəsi ilə təmin edildiyini vurğulayan başçı Azərbaycan diqqəti ordusunun aprel ayında cəbhədə qazandığı uğurlara yönəldib. Bu döyüşlərin ordumuzun gücünü, xalqda vətənpərvərlik hisslərinin yüksək olmasını bir daha nümayiş etdirdiyini qeyd edən başçı aprel döyüşü zamanı Abşerona 4 şəhidin gəldiyini söyləyib.
Hazırda düşmən əlində olan rayonlarımızın hər işğal günündə həmin rayondan olan və Abşeronda məskunlaşmış şəhid ailələri ilə görüşlərin keçirildiyini, onlara maddi yardımların edildiyini vurğulayan xanım İ.Gülməmmədova onların sosial problemlərinin həlli istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən danışıb.Eyni zamanda Azərbaycan idmançılarının dünyanın hər yerində bayrağımızı dalğalandırdığını vurğulayan başçı ölkədə, o cümlədən Abşeron rayonunda da vətənpərvərlik hisslərinin yüksək olduğunu deyib.
Sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini general-mayor Novruzəli Orucov çıxış edərək aprel döyüşlərində Azərbaycan ordusunun düşməni ağır məğlubiyyətə uğratdığını söyləyib: “Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə ordumuzun ən müasir silahlarla təmin olunması, şəxsi heyətin peşəkar hazırlığı, ərazilərimizin bütövlüyünün tezliklə təmin olunacağına əminlik yaradır”- deyə o bildirib.
Daha sonra general-mayor Novruzəli Orucov tədbirin təşkilatçılığında göstərdiyi dəstəyə görə İradə Gülməmmədovaya SHXÇDX-nin adından xatirə diplomu təqdim edib.
Azərbaycan Əfqanıstan Müharibəsi Veteranları İctimai Birliyinin sədri Məhəmməd Vəliyev çıxışında gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkil etdiyi belə tədbirlərin mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb.Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli isə qeyd edib ki, aprel döyüşlərində Azərbaycan xalqı yekdilliklə Ali Baş Komandanın yanında olduğunu bir daha nümayiş etdirib.Tədbirdə şəhid ailələrinin nümayəndəsi, veteranların nümayəndəsi, çağırışaqədərki hazırlıq rəhbəri, Abşeron rayonunda yerləşən N saylı hərbi hissədə nümunəvi xidmətinə görə fərqlənən əsgər, eləcə də “Çağırışaqədərki hazırlıq” fənnində yüksək nailiyyət göstərən şagirdlər mükafatlandırılıblar.
Sonda bədii hissədə vətənpərvərlik mahnılarının mahir ifaçısı Şəmistan Əlizamanlı və Abşeron rayon məktəblərinin özfəaliyyət kollektivləri vətənpərvərlik mövzusunda tərtib edilmiş proqramla çıxış ediblər.