Abşeron Rayon İcra Hakimiyyətinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib
Abşeron Rayon İcra Hakimiyyətinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib.
Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən yığıncaqda İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova iyulun 10-da Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin çıxışına toxunaraq, dövlət başçısının dünyada təhlükələrin artdığını, iqtisadi böhranın daha da dərinləşdiyini və bütün ölkələrin bu böhrandan müxtəlif formada əziyyət çəkdiyi bir dövrdə Azərbaycanda uğurlu inkişafın təmin edildiyini, ictimai-siyasi vəziyyətin sabit qaldığını bildirdiyini iştirakçıların diqqətinə çatdırıb.
Sonra İcra Hakimiyyəti başçısının müavini İlham Quliyevin 2016-cı ilin birinci yarısının rayonun sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrlə bağlı məruzəsi dinlənilib.
Bildirildi ki, hesabat dövründə rayonda abadlıq-quruculuq işləri davam etdirilib, əhalinin elektrik enerjisi, içməli su, kanalizasiya, təbii qazla təchizatı, yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində xeyli işlər görülüb. Rayonun daxili imkanları hesabına Xırdalan şəhərində Hacı Zeynalabdın Tağıyev, Qalubiyyə, Məhəmməd Füzuli, Səttar Bəhlulzadə, Yusif Məmmədəliyev küçələrində abadlaşdırılma işləri həyata keçirilib, Misir Dostluq Parkı yenidən qurulub. Saray qəsəbəsində Şəhidlərin xatirəsinə abidə ucaldılıb, şəhidlərin adına olan park, eyni zamanda, Vəli Axundov parki abadlaşdırılıb. Aşağı Güzdək qəsəbəsində Həzi Cavadov, Novxanı kəndində Mehdi Hüseynzadə küçələrində daxili imkanlar hesabına abadlıq işləri görülüb. Masazır kəndinin mərkəzi küçəsi olan Əlağa Vahid prospektinin işıqlandırılması məqsədilə 85 işıq dirəyi basdırılaraq 5 kilometr uzunluğunda kabel xətti çəkilib. Eyni zamanda, “Yeni Bakı” yaşayış massivinə gedən yola 15 min kvadratmetr asfalt örtük döşənib. Hazırda Ceyranbatan və Mehdiabad qəsəbələrində parkların, Masazır kəndində Heydər Əliyev və Zərifə Əliyeva adına küçələrin yenidən qurulması işləri həyata keçirilir. Xırdalan şəhərində 17 çoxmənzilli yaşayış binası təmir edilib.
Ötən dövrdə Abşeron rayonu üzrə qeyri-məşğul əhalinin ödənişli ictimai faydalı əmək fəaliyyətinə cəlb edilməsi ilə bağlı rayon Məşğulluq Mərkəzi, rayon Təmir Abadlıq İdarəsi və digər aidiyyəti idarələrlə birgə təkliflər hazırlanıb, küçə, prospekt, park, xiyaban və magistral yolların ətrafında görüləcək abadlıq və quruculuq işləri, Xırdalan şəhərində təmir olunacaq beş çoxmənzilli yaşayış binası müəyyən edilib. Abadlıq, quruculuq işləri və mənzil təmiri ilə əlaqədar 311 nəfər rayon sakini artıq işlə təmin olunub. Ümumilikdə, 2016-cı ilin ötən müddəti ərzində dövlət qurumları və özəl müəssisələrdə 781 rayon sakini işlə təmin edilib.
Altı ayda Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayonun inzibati və təhkim olunmuş ərazilərində fəaliyyət göstərən sahibkarlara 26 investisiya layihəsi üçün 8 milyon 540 min manat güzəştli kredit verilib. Bunlardan 4-ü sənaye, 22-si kənd təsərrüfatı məhsullarının istehsalı və emalı müəssisəsidir. Bu müəssisələrdə 196 yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Bildirilib ki, cari ilin birinci yarısında rayonda sənaye məhsulunun həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,6 faiz artaraq 60,8 milyon manata çatıb.
Çıxış edənlər görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıblar.
İclasa yekun vuran İradə Gülməmmədova rayonun kənd və qəsəbələrində yaşayan sakinlərlə səyyar-qəbulların keçirildiyini, əhalinin qarşılaşdığı problemlərlə yerlərdə maraqlanıldığını və həlli istiqamətində addımların atıldığını qeyd edib. Kənd və qəsəbələrdə sakinlərin əsasən su, işıq və kanalizasiya ilə bağlı problemlərinin olduğunu qeyd edən icra hakimiyyətinin başçısı bu istiqamətdə lazimi göstəriş və tapşırıqları verib.