Abşeron rayonunda “1 İyun - Uşaqların Beynəlxalq Müdafiə Günü” qeyd edilib
Abşeron rayonunda “1 İyun - Uşaqların Beynəlxalq Müdafiə Günü” qeyd edilib. Xırdalan şəhərində yerləşən Mədəniyyət sarayında baş tutan tədbirdə Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, idarə, müəsissə rəhbərləri, bağça və məktəb müdirələri, həmcinin, körpə uşaqlar və valideynlər iştirak ediblər.
Tədbirin birinci hissəsində uşaqların ifasında hərbi vətənpərvərlik mövzusu işıqlandırılıb, Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsində canlarından keçən şəhidlərimizə, şəhid analara həsr edilən şeirlər, mahnılar, eləcə də səhnəciklər tamaşaçılara təqdim edilib. “Kiçik əsgərlərimizin” dövlət bayrağının səhnəyə gətirilməsi alqışlarla qarşılanıb.
İkinci hissədə uşaqlar biri-birindən maraqlı rəqs nömrələri göstərərək şən mahnılar oxuyublar.
Bundan sonra körpələr səhnəyə Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanı dəvət ediblər. Fidanları təbrik edən başçı onlara azad həyat və vətənə laiqli övlad olmağı arzu edib.
Uşaqların Beynəlxalq Müdafiəsi Gününün 1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən qeyd olunmasının qərara alındığını vurğulayan İ.Gülməmmədova bildirib ki, ölkəmiz müstəqillik əldə etdikdən sonra da bu bayram bütün respublikada, eləcə də Abşeron rayonunda keçirilir. Hələ zamanında ümummilli lider Heydər Əliyevin göstərişi ilə dövlət tərəfindən uşaqların hüquqlarının hərtərəfli qorunmasi üçün lazımı qərarların verildiyini, onlara böyük diqqətin göstərildiyini deyən başçı əlavə edib ki, hazırda da bu siyasi kurs ulu öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Eyni zamanda, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili, birinci xanım Mehriban Əliyevanın uşaqların qayğısına qaldığını, talassemiya və şəkər xəstələri olan uşaqlara xüsusi qulluq və pulsuz dərman preparatları ilə təmin edilməsində, hətta xəstə uşaqların xaricdə müalicə almasında öz köməyini əsirgəmir. Başçı vurğulayıb ki, Mehriban Əliyevanın təşəbbüsü ilə ötən il respublikada yeni uşaq bağçalarının tikintisinə start verilib və Abşeron rayonunda da 22 bağçanın tikintisinə başlanılıb. Artıq onlardan müəyyən bir qisminin uşaqların istifadəsinə verildiyini qeyd edən İ.Gülməmmədova bir qisminin də inşasının davam etdirildiyini söyləyib.
Daha sonra rayon hakimiyyətinin başçısı uşaqların təlim və tərbiyəsində əməyi olan, rayonun ictimai həyatında səmərəli fəliyyət göstərən 19 şəxsə fəxri fərman təqdim edib.
Tədbir İradə Gülməmmədovanın uşaqlarla xatirə şəkilləri çəkdirməsi ilə yekunlaşıb.