Təhsil naziri Mikayıl Cabbarovun Abşeron, Sumqayıt, Zəngilan və Qubadlı sakinlərilə səyyar görüşü baş tutub
Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində təhsil naziri Mikayıl Cabbarovun Abşeron, Sumqayıt, Zəngilan və Qubadlı rayon sakinləri ilə səyyar görüşü keçirilib.
Görüşdən əvvəl Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova və Təhsil naziri Mikayıl Cabbarov xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzi ilə tanışlıq gəzintisi olub, ulu öndərin həyat və fəaliyyətini özündə əks etdirən tarixi sənəd və fotolara tamaşa ediblər.
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2016-cü ilin may ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən səyyar qəbulda vətəndaşlar əsasən, müəllimlərin işə qəbulu və ya iş yerinin bir məktəbdən, həmçinin, bir rayondan digərinə dəyişdirilməsi, ali və orta ixtisas məktəbləri tələbələrinin bir təhsil müəssisəsindən digərinə köçürülməsi, təhsil haqqı, xaricdə təhsil və digər məsələlərlə əlaqədar müraciət ediblər. Qəbulda 30-a yaxın vətəndaşın müraciəti dinlənilib və əksər məsələlər yerindəcə həllini tapıb. Bir sıra müraciətlərlə bağlı nazirliyin müvafiq qurumlarına tapşırıqlar verilib. Bəzi vətəndaşların nazirliyin səlahiyyətlərinə aid olmayan və ya şəxsi xarakter daşıyan müraciətləri isə müvafiq qurumlara çatdırılmaq üçün qeydə alınıb və nəzarətə götürülüb.