Abşeronda görkəmli alim və dövlət xadimi, akademik Vəli Axundovun 100 illik yubileyi qeyd edilib
Abşeronda görkəmli alim və dövlət xadimi, akademik Vəli Yusif oğlu Axundovun anadan olmasının 100 illik yubileyi qeyd edilib. Xırdalandakı Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, V.Axundovun qızı, diplomat xanım Nigar Axundova, Tibb elmləri doktoru, professor İbadulla Ağayev, yerli icra strukturlarının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, rayon ictimaiyyəti və KİV nümayəndələri iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, əziz xatirəsini ehtiramla yad ediblər. Sonra Heydər Əliyev Mərkəzi ilə tanışlıq gəzintisi olub, ulu öndərin həyat və fəaliyyətini özündə əks etdirən tarixi sənəd və fotolara tamaşa edilib.
Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Akademik V.Y.Axundovun 100 illik yubileyinin keçirilməsi haqqında” 2016-cı il 15 yanvar tarixli Sərəncamından irəli gələn vəzifələr çərçivəsində Abşeron rayon icra hakimiyyətinin təşkilatçılığı ilə düzənlənən yubiley Vəli Axundovun xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri İlham Manafov geniş məruzə ilə çıxış edərək yubiliyarın həyat və yaradıcılığından, ölkəmiz üçün həm siyasi, həm də elmi sahədə gördüyü işlərdən söz açıb. V.Axundovun 1916-cı il mayın 14-də Abşeronun Saray kəndində əsilzadə ruhani ailəsində dünyaya göz açdığını vurğulayan məruzəçi qeyd edib ki, hər bir dövrün quruluşuna uyğun liderləri, bütöv bir ölkənin, xalqların mövcudluğunu şərtləndirən, hadisələrin gedişində həlledici rol oynayan şəxsiyyətləri olur. Vəli Axundov da Azərbaycana rəhbərlik etdiyi 1959-1969- cu illər ölkədə ictimai -siyasi vəziyyətin mürəkkəbliyinin yumşaldılması, mədəniyyət və incəsənət sahəsində böyük intibahı ilə tariximizdə parlaq bir səhifə kimi qalır . 10 il ərzində ölkəyə rəhbərlik etmiş şəxs kimi silinməz izlər qoyub getmiş Vəli Axundovun fəaliyyəti barədə çoxsaylı sənədlər, onun məruzə və çıxışları, 200-dən çox elmi əsəri, bir də xalqımızın yaddaşında əsl ziyalılıq və nəciblik təcəssümü kimi yaşaması amili dayanır.
V.Axundovun Azərbaycan xalqının maraqlarının qorumasında böyük rolunun olduğunu qeyd edən İ.Manafov əlavə edib ki, onun fəaliyyəti dövründə bir çox sahələrdə, xüsusilə səhiyyə, təhsil, iqtisadiyyat, incəsənət sahələrində inkşafın əldə olunub.
Daha sonra çıxış edən , V.Axundovun qızı, diplomat xanım Nigar Axundova, Tibb elmləri doktoru, professor İbadulla Ağayev və Saray qəsəbəsi 3 saylı tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Emin Xəlilov V.Axundovun 100-illk yubileyinin qeyd edilməsinə dair verilən sərəncama görə Prezident İlham Əliyevə öz təşəkkür və dərin ehtiramlarını bildirərək onun xalqın mənafeyi üçün atdığı addımlardan danışıb, yubilyarla bağlı öz uşaqlıq və gənclik xatirələrini bölüşüblər.
Tədbirə yekun vuran Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova qeyd edib ki, V.Axundova hər zaman dövlət səviyyəsində diqqət göstərilib. Hələ zamanında ümummilli lider Heydər Əliyevin V.Axundovun 80 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzaladığını xatırladan başçı bu gün də Prezident İlham Əliyevin məlum sərəncamı ilə onun 100 illik yubileyinin keçirildiyini vurğulayıb. İ.Gülməmmədova Saray qəsəbəsində yerləşən V.Axundovun büstü olan parkda abadlaşdırma işlərinin aparıldığını bildirib və yay ayında açılışla əlaqədar Nigar Axundovanı oraya dəvət edib. O, həmçinin Nigar Axundovanı ad günü münasibəti ilə rayon ictimayəti adından təbrik edərək ona xatirə hədiyyələri təqdim edib.