İradə Gülməmmədova Saray qəsəbəsindəki təhsil müəssisələrində yaradılan şəraitlə tanış olub
Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova rayonun Saray qəsəbəsində fəaliyyət göstərən bir sıra təhsil müəssisələrində yaradılan şəraitlə tanış olub. Əvvəlcə qəsəbənin 14 saylı uşaq bağçasının fəaliyyəti, burdakı uşaqların təlim-tərbiyyəsi ilə yerində tanış olan başçıya bildirilib ki, ikimərtəbəli körpələr evində fidanların gələcəyin sağlam vətəndaşı kimi yetişmələri üçün hər cür şərait yaradılıb.
Qeyd edilib ki, ötən ilin sonlarından başlayan təmir və yenidənqurma işləri zamanı ərazidə geniş yaşıllıq zolaqlarının salınmasına xüsusi fikir verilib. Bununla bağlı çoxlu dekorativ ağaclar əkilib. Bağça binasında müasir istilik sistemi quraşdırılıb. 120 yerlik, 6 qrupdan ibarət olan bağça məşğələ və yataq otaqları, yeməkxana, mətbəx, oyun otaqları və yardımçı otaqlardan ibarət olmaqla uşaqların istirahəti üçün bütün lazimi imkanlar yaradılıb.
İ.Gülməmmədova bağça kollektivi ilə söhbətində uşaqların intellektual inkişafı, onların mövsümə uyğun olaraq qidalanması, uşaq bağçasında sanitar-gigiyenik normalara riayət olunması barədə tapşırıqlar verib.
Görüş zamanı uşaqlar vətənvərvərlik mövzusunda şeirlər söyləyiblər.
Daha sonra Rayon İcra Hakimiyyətinin başçısı İ.Gülməmmədova Saray qəsəbəsindəki 3 nömrəli tam orta məktəbə baş çəkib. Məktəbin direktoru Təyyübə Hüseyinova təhsil ocağında görülən işlərlə bağlı məlumat verib. O, bildirib ki, buradakı bütün sinif otaqları və ayrı-ayrı fənn sinifləri ən müasir standartlar səviyyəsindədir. Məktəb lazımi avadanlıq və ləvazimatlarla təchiz edilib. Məktəbdə müasir istilik və işıqlandırma sistemlərinin qurulduğunu, həyətyanı ərazidə abadlıq və yaşıllaşdırma işlərinin görüldüyünü vurğulayan drektor şagirdlərin hazırlıq səviyyəsindən və tədris prosesi haqda məlumat verib.
Sonra İ.Gülməmmədova dərslərin gedişatı ilə maraqlanıb, snif otaqlarında yaradılmış şəraitlə tanış olub.