Şriftin ölçüsü :

Saytın rəngi :

Sarayda yenidən qurulan Şəhidlər Xiyabanı və Şəhidlər Parkının açılışı olub

18 may 2016 | 16:00

Abşeron rayonunun Saray qəsəbəsində yenidən inşa edilən Şəhidlər Xiyabanının və Şəhidlər Parkının açılışı olub. Bu münasibətlə keçirilən tədbirdə Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, yerli icra strukturlarının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələri və rayon sakinləri iştirak ediblər.

Əvvəlcə Saray qəsəbə qəbiristanlığında inşa olunan Şəhidlər Xiyabanı, daha sonra isə qəsəbənun Vəli Axundov küçəsindəki Şəhidlər parkı ziyarət olunub, şəhidlərin xatirəsi ehtiramla yad edilib, məzarları önünə gül qoyularaq dualar oxunub. Eyni zamanda Azərbaycanın görkəmli ictimai-siyasi xadimi, akademik Vəli Axundovun və Sovet İttifaqı Qəhrəmanı Mikayıl Ələkbərovun xatirəsi yad olunub, büstləri üzərinə tər güllər düzülüb.

Bildirilib ki, 830 kvadratmetr ərazini əhatə edən Şəhidlər parkında rekonstruksiya işlərinə iki ay əvvəl başlanıb. Parkda 550 kvadratmetr əraziyə qazon salınıb, 250 kv.m tamet daşı döşənib, 300 ədəd həmişəyaşıl ağac və gül kolları əkilib. Həmçinin parka içməli su xətti çəkilib, suvarma sistemi quraşdırılıb, oturacaqlar qoyulub, işıqlandırma sistemi yenidən qurulub.
Qeyd edilib ki, Şəhidlər Xiyabanında qara qranitdən istifadə olunmaqla şəhidlərin məzar daşları yenilənib, ətraf əraziyə 230 kubmetr üzlük və tamet daşları döşənib, müasir işıqlandırma sistemi quraşdırılıb, ağac və gül kolları əkilib.

Bundan sonra şəhid ailələri və qəsəbə sakinləri ilə görüş keçirilib. Tədbir Azərbaycanın bütövlüyü uğrunda qəhrəmancasına döyüşərək şəhid olan hərbçilərimizin əziz xatirəsini bir dəqiqəlik sukutla yad etməklə başlayıb.

Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova çıxış edərək Azərbaycanda şəhid ailələrinə göstərilən dövlət qayğısından danışıb. İ.Gülməmmədova qeyd edib ki, qəhrəman hərbçilərimizin, şəhidlərimizin keçdiyi şərəfli həyat yolu gənc nəsillər üçün örnəkdir və onların təbliği hər an aparılmalıdır. İşğal altında olan torpaqlarımızın tezliklə azad olunacağına əminliyini ifadə edən başçı Azərbaycan ordusunun gücündən, aprel ayında hərbçilərimizin cəbhə xəttində həyata keçirdiyi uğurlu əməliyyatlardan söz açıb. İ.Gülməmmədova vurğulayıb ki, respublikamızın ərazi bütövlüyünün müdafiəsində fədakarlıq göstərən Abşeronlular işğal altında olan torpaqlarımızın azad edilməsi üçün Ali Baş Komandanın əmri ilə düşmənə qarşı silaha sarılmağa hər an hazırdırlar.

Sonra İ.Gülməmmədova şair-qəzəlxan Rəhim Saraylıya 84 yaşı tamam olması ilə əlaqədar olaraq rayonun ictimai həyatında fəaliyyətinə görə Fəxri Fərmanı təqdim edib.

Daha sonra çıxış edən şəhid atası Həmid Əzizov şəhidlərin xatirəsinin daim əziz tutulmasına, həmçinin Şəhidlər Xiyabanının və Şəhidlər parkının yenidən inşa edilməsinə görə RİH-nin başçısı İradə Gülməmmədovaya şəhid ailələri və qəsəbə sakinləri adından minnətdarlığını bildirib.

Sonda Saray qəsəbəsində məskunlaşmış şəhid ailələrinin üzvlərinə Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən maddi yardım göstərilib, onlara ehsan süfrəsi açılıb.

 

 

 

Keçidlər