Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeronlu şəhid əsgər dəfn olundu

09 may 2016 | 16:00

Azərbaycan ordusunun düşmənin təxribatının qarşısını alarkən həlak olan əsgəri, 1996-cı il təvəllüdlü Əli İntiqam oğlu Heydərov doğulduğu Abşeron rayonunun Qobu qəsəbəsində torpağa tapşırılıb.
Böyük izdiham yaşanan dəfn mərasimdə Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, qəsəbə sakinləri ilə yanaşı şəhidin qulluq etdiyi hərbi hissənin əsgər və zabitləri iştirak ediblər.
Şəhidlə vida mərasimində Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova şəhidin yaxınlarına dərin hüznlə baş sağlığı verərək qeyd edib ki, bu gün Azərbaycan əsgəri vətənin keşiyində ayıq-sayıqdır və düşmənin təxribat qruplarının qarşısını mərdliklə alır. Azərbaycan əsgərinin döyüş ruhunun çox yüksək olduğunu, bayrağımızın tezliklə Xankəndində, Şuşada, Laçında və işğal altında olan digər şəhərlərimizdə dalğalanacağını vurğulayan başçı xalqımızın öz ordusuna inamının günü-gündən artdığını, hərbçilərimizin torpaqlarımızı azad etməyə qadir olduğunu qeyd edib.
Sonra şəhidin atası İntiqam Heydərov çıxış edərək oğlu ilə qürur duyduğunu, onun şəhidlik zirvəsinə ucaldığını bildirib: “Vətən sağ olsun”.
Mərasimdə çıxış edənlər qüdrətli Azərbaycan ordusunun düşmənə hər an tutarlı cavab verməyə hazır olduğunu, şəhidlərimizin qanının yerdə qalmayacağını, Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək onun əmrini gözlədiklərini bildiriblər.
3000-dən çox adamın iştirak etdiyi böyük izdiham 3 kilometrdən artıq qəsəbə yolunu piyada qət edərək şəhid cənazəsini başları üstündə bayraq edib və “Şəhidlər ölməz, Vətən bölünməz”, “Vətən sənə canım fəda!” şüarları ilə Qobu qəsəbə qəbiristanlığına doğru irəliləyiblər. Burada şəhid alqış sədaları altında Vətən torpağına əmanət edilib. Azərbaycanın üçrəngli bayrağı şəhidin atasına təqdim edilib.
Şəhidimizə Allah rəhmət eləsin!

 

Keçidlər