Abşeronda faşizm üzərində qələbənin 71 illiyi qeyd edilib
Alman faşizmi üzərində qazanılan tarixi qələbənin 71 illiyi Abşeron rayonunda qeyd edilib. Tədbir rayonun Novxanı kəndində Sovet İttifaqı Qəhrəmanı, əfsanəvi kəşfiyyatçı Mehdi Hüseynzadənin xatirəsinə uculdılmış abidəsi önünə tər çiçəklər qoyulması ilə başlayıb və Xırdalan şəhərində Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə yaradılan abidənin qarşısında davam etdirilib.
1941-1945-ci illərdə həlak olan, eləcə də Azərbaycanın bütövlüyü uğrunda döyüşərək şəhid düşən hərbçilərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qələbə günü tədbirində Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, hüquq-mühafizə orqanlarının rəhbərləri, veteranlar, rayon içtimaiyyəti və KİV nümayəndələri iştirak ediblər. Hərbi orkestrin müşayiəti ilə keçən tədbirdə bildirlib ki, bəşər tarixinin ən dəhşətli müharibəsində qələbənin əldə olunmasına Azərbaycan xalqı böyük töhfələr verib. Bu qanlı müharibədə Azərbaycandan 670 mindən çox oğul və qız cəbhəyə yola düşüb, onların təxminən yarısı döyüşlərdə həlak olub.
Qanlı-qadalı döyüşlərdə göstərdikləri igidliyə görə, ölkəmizin 130-dan çox vətəndaşı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Bu igidlərdən ikisi isə qəhramanlıqları ilə dillər əzbəri olmuş Abşeronlular Mikayıl Ələkbərov və Mehdi Hüseynzadədir. Abşeron rayonundan 1725 nəfər müharibədə iştirak etmiş, onlardan yalnız 964 nəfəri geri qayıtmışdır.
Sonda tədbir iştirakçıları Abşeron rayon Mədəniyyət işçilərinin ifasında ədəbi-bədii kompazisiyalara tamaşa ediblər.