Abşeron rayonunda işgüzar forum keçirilib
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu sahibkarlığın inkişafının stimullaşdırılması məqsədilə sahibkarların maarifləndirilməsi və sahibkarlara maliyyə dəstəyinin göstərilməsi istiqamətində tədbirlərini davam etdirir. Bu məqsədlə növbəti işgüzar forum aprelin 22-də Abşeron rayonunda yerləşən Heydər Əliyev Məkəzində keçirilib. Tədbirdə Abşeron rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova, İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) icraçı direktoru Şirzad Abdullayev, Abşeron rayonunun kənd və qəsəbələrində fəaliyyət göstərən 150-dək sahibkar iştirak edib. İşgüzar forumun keçirilməsində əsas məqsəd sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə məlumatların verilməsi, Abşeronda həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin təqdim olunması, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsidir.
Tədbirdə ilk öncə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra SKMF-nin baş məsləhətçisi Elnur Abbasov hazırladığı təqdimatda Fond tərəfindən rayonda prioritet hesab olunan təsərrüfatların yaradılmasından danışıb.
Toplantıda çıxış edən İ.Gülməmmədova Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rayonların sosial-iqtisadi inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində ölkənin digər bölgələrində olduğu kimi, Abşeron rayonunda da quruculuq-abadlıq işlərinin geniş vüsət aldığını, yeni istehsal və xidmət müəssisələrinin, sosial infrastruktur obyektlərinin açıldığını, əhalinin məşğulluq səviyyəsinin yüksəldiyini qeyd edib. Abşeron rayonunda sahibkarlığın daha da inkişafı üçün hər cür şəraitin yaradıldığını, bunun nəticəsində bir neçə müəssisənin fəaliyyətə başladığını qeyd edən İ.Gülməmmədova vurğulayıb ki, rayonda əhali sayının sürətlə artması yeni-yeni sahibkarlıq istiqamətlərinin formalaşdırılması üçün əlavə imkanlar yaradıb.
Daha sonra SKMF-nin icraçı direktoru Şirzad Abdullayev bildirib ki, 2016-cı ilin ötən dövrü ərzində 380-ə yaxın sahibkara 40,2 milyon manat güzəştli kredit verilib. Onun sözlərinə görə, bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması, 700-ə yaxın yeni iş yerinin yaradılması mümkündür.
Forum çərçivəsində prioritet hesab olunan plastik qapı-pəncərə, üzlük daş və istixana təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib. Kiçik həcmli layihələrin ümumi dəyərinin 100 faizədək hissəsi dövlətin güzəştli krediti hesabına maliyyələşdiriləcəyi qeyd edilib. Sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.
Sonda çıxış edən sahibkarlar onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını ifadə ediblər.