Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron rayonunda “Multikulturalizm və azərbaycançılıq” mövzusunda tədbir keçirilib

20 aprel 2016 | 16:00

Bu gün Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində Abşeron rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə “Multikulturalizm və azərbaycançılıq” mövzusunda tədbir keçirilib. Tədbirdə rayon icra hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov, Bilik Fondunun icraçı drektoru Oqtay Səmədov, Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun drektoru, AMEA-nın müxbir üzvü Məhsin Nağısoylu, Bakı Beynəlxalq Mutikulturalizm Mərkəzinin Analitika və informasiya şöbəsinin baş məsləhətçisi Rəşad İlyasov, adıçəkilən fondun mətbuat katibi, baş məsləhətçisi Ceyhun Musaoğlu, rayon ictimaiyyəti və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edib.

Tədbirdə əvvəlcə Azərbaycanın ərazi bütövlüyü üçün canından keçən, şəhid olan hərbçilərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayon icra hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov çıxış edərək Azərbaycanda uzun illərdən bəri fiormalaşan multikultural dəyərlərdən, dinindən və milli mənsubiyyətindən asılı olmayaraq insanların birgə yaşayışından söz açıb. Multikulturalizmin birgə yaşayış mədəniyyəti olduğunu qeyd edən çıxışçının sözlərinə görə, multikultural dəyərlər olmasaydı, heç bir böyük bəşər mədəniyyəti olmazdı. Multikultural dəyərlərin dövlət siyasətinə keçdiyini və bu siyasətin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu, bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini qeyd edən müavin ölkədə multikulturalizm istiqamətində həyata keçirilən işlərdən danışıb.

Sonra Bilik Fondunun icraçı drektoru Oqtay Səmədov rəhbərlik etdiyi fondun yaranmasından və görülən işlərdən söz açıb. Azərbaycanın şəhər və rayonlarında Fondun nümayəndələrinin müəyyən edildiyini vurğulayan icraçı drektorun sözlərinə görə, bu günə qədər Bilik Fondu tərəfindən 613 mühazirə oxunub, onlardan 23-ü isə multikultural dəyərlərə həsr olunub.

AMEA Dilçilik İnstitutunun drektoru Məhsin Nağısoylu isə Azərbaycan ədəbiyyatında özünü təcəssüm etdirən multikultural dəyərlərdən söz açaraq onlardan müxtəlif nümunələr göstərib.

Sonda Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlu dünyanın müxtəlif dillərində çap olunan “Kitabi Dədə Qorqud” kitabının təqdimatını keçirib.

Keçidlər