Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura iclası keçirilib

14 aprel 2016 | 16:00

Bu gün Abşeron Rayon İcra Hakimiyyəti başçısı yanında Şura iclası keçirilib. Toplantıda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasından irəli gələn məsələlər və qarşıda duran vəzifələr haqqında məruzə dinlənilib.

Gündəlikdə olan məsələlərin müzakirəsinə keçməzdən əvvəl Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən şəhid olan hərbçilərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra çıxış edən Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova son günlər cəbhədə yaşanan gərginliklərə, ermənilərin törətdiyi təxribatlara toxunaraq bildirib ki, Ermənistan rəhbərliyi bu dəfə də özlərini əzilən xalq kimi qələmə verməyə çalışıb. Lakin Azərbaycanın apardığı uğurlu siyasət sayəsində ermənilərin bu niyyətinin baş tutmadığını qeyd edən başçı vurğulayıb ki, artıq dünya ictimaiyyəti də Ermənistandan işğal etdiyi torpaqlardan çıxmasını tələb edir.

Bundan sonra Abşeron rayon İcra Hakimiyyətinin başçısının müavini İlham Quluyev geniş məruzə ilə çıxış edib. Bildirilib ki, hesabat dövründə rayonda abadlıq-quruculuq işləri davam etdirilib, əhalinin elektrik enerjisi, içməli su, təbii qazla təchizatı, yol infrastrukturunun yaxşılaşdırılması istiqamətində xeyli işlər görülmüb. Belə ki, 2016-cı ilin birinci rübü ərzində rayonun daxili imkanları hesabına Xırdalan şəhərində Hacı Zeynalabdın Tağıyev, Qalubiyyə küçələrinin abadlaşdırılması işləri həyata keçirilib. Misir Dostluq Parkı yenidən qurulub, Saray və Aşağı Güzdək qəsəbələrinin küçə və parkları daxili imkanlar hesabına abadlışdırılıb. Yol infrastrukturunun bərpası və inkişaf etdirilməsi məqsədilə rayonun yaşayış məntəqələrində daxili yollara 29308 kub metr qrabil tökülərək yayılıb, 33942 kvadratmetr sahə asfaltlanıb, 4220 paqometr səki daşı düzülüb, piyada səkilərinə 1052 kvadratmetr tomet döşənib. Ötən müddət ərzində rayonun yaşayış məntəqələrində 20 min ədəd ağac və gül kolları əkilib.
Hesabat dövründə rayon ərazisində yaşayan əhalinin sabit elektrik enerjisi ilə təminatı ilə bağlı yaşayış məntəqələrində 15 ədəd yeni transformator quraşdırılıb, 2 ədəd yanmış transformator bərpa edilib, 421 ədəd dayaq və 35480 metr naqil dəyişdirilib, yaşayış məntəqələrində 44 min metr uzunluqda “SİP” kabeləşməsi aparılıb.
2016-cı ilin 3 ayı ərzində rayonun yaşayış məntəqələrində müxtəlif diametrli borularla 3900 p/m uzunluqda yeni içməli su xətləri çəkilib, 976 p/m uzunluqda korroziyaya uğramış xətt dəyişdirilib, 242 ədəd su sayğacı quraşdırılıb, 15 ədəd müxtəlif markalı nasos təmir edilib, eləcə də 450 p/m uzunluqda kanalizasiya xətləri yenilənib. Görədil kəndi, Saray bağ massivi və Digah qəsəbəsi ərazilərində tikinti təşkilatları tərəfindən layihə üzrə inşası yarımçıq qalmış quraşdırma işlərinin davamına başlanılıb və işlər hazırda yekunlaşmaq üzrədir. Eyni zamanda yaxın günlərdə Digah qəsəbəsində və Fatmayı kəndində kanalizasiya sisteminin yenilənməsi ilə bağlı işlərin davam etdirilməsinə başlanılacaqdır.
Hesabat dövründə rayonda sahibkarlığın inkişafı, əhalinin maddi rifahının yaxşılaşdırılması və məşğulluğunun təmin edilməsi, onların sosial problemlərinin həlli məsələləri rayon İcra hakimiyyəti başçısı aparatının daim diqqət mərkəzində saxlanılıb.
İ.Quliyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması, sərmayələrin cəlb edilməsi ilə bağlı tapşırıqlarının icrasının təmin edilməsi məqsədilə rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə rayonda ərazinin inkişafına təsir edə bilən qurumların rəhbərləri, qeyri-hökümət təşkilatlarının nümayəndələri, rayonda fəaliyyət göstərən sahibkarlar da daxil edilməklə 27 nəfərdən ibarət Rayon Qərargahı yaradılıb. Eyni zamanda “Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 03 fevral 2016-cı il tarixli Fərmanında nəzərdə tutulmuş tapşırıqların icrasının təmin edilməsi məqsədilə Rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə Abşeron rayon İcra Hakimiyyətinin 7 nəfərdən ibarət Apellyasiya Şurası və Apellyasiya Şurasının 3 nəfərdən ibarət Katibliyinin tərkibi təsdiq olunub.
Bildirilib ki, ümumilikdə 2016-cı ilin ötən müddəti ərzində dövlət qurumları və özəl müəssisələr üzrə rayonda 780 yeni iş yeri yaradılıb, 1 aprel 2016-cı il tarixə 606 nəfər rayon sakini işlə təmin edilib. Bundan əlavə yaxın günlərdə rayon ərazisində istehsal, emal, ticarət, xidmət və digər sahələr üzrə bir çox özəl müəssisələrin fəaliyyətə başlaması və 620-dək əlavə yeni iş yerlərinin açılması gözlənilir.
Hesabat dövründə rayonun daxili imkanları hesabına Xırdalan şəhərində, Ceyranbatan, Saray, Mehdiabad qəsəbələrində, Fatmayı, Novxanı, Pirəkəşkül, Görədil kəndlərində körpələr evi-uşaq bağçasının tikintisi davam etdirilib.

Sonra Abşeron rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin drektoru Coşqun Qasımov, Xırdalan enerji Təchizatı və Satışı idarəsinin rəisi Nemət Qasımov, Abşeron Sukanal İdarəsinin rəisi Qorxmaz Abbasov, Mehdiabad qəsəbə inzibati ərazi dairəsini üzrə icra nümayəndəsi Bayram İbrahimov çıxış edərək görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıblar.

İclasa yekun vuran İ.Gülməmmədova rayonun kənd və qəsəbələrində yaşayan sakinlərlə səyyar-qəbulların keçirildiyini, əhalinin qarşılaşdığı problemlərlə yerlərdə maraqlanıldığını və həlli istiqamətində addımların atıldığını qeyd edib. Kənd və qəsəbələrdə sakinlərin əsasən su, işıq və konalizasiya ilə bağlı problemlərinin olduğunu qeyd edən başçı bu istiqamətdə lazimi tapşırıqları verib.

 

Keçidlər