Abşeronda məskunlaşan Zəngilanlı şəhid dəfn edildi
Cəbhə bölgəsində erməni silahlı qüvvələrinin həyata keçirdiyi təxribatın qarşısını alarkən Azərbaycan ordusunun əsgəri, Zəngilan rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmət çağırılan 1996-cü il təvəllüdlü Baxşəliyev Rəşid Əliyağa oğlu şəhid olub. Torpaqlarımızın müdafiəsi zamanı canını fəda etmiş şəhidlə vida mərasimi məskunlaşdığı Abşeron Gənclər Şəhərciyində baş tutub. Mərasimində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, ictmaiyyət nümayəndələri, Qarabağ veteranları və abşeronlular iştirak edib.
Şəhid böyük izdihamla son mənzilə yola salınıb. Sakinlər “Qarabağ bizimdir, bizim olacaq!”, “Şəhidlər ölməz, vətən bölünməz!” və digər şüarlar səsləndirərək torpaqlarımızın azadlığı uğrunda aparılan haqlı mübarizəni davam etdirəcəklərini bildiriblər.
Sonra şəhidin cənazəsi Sumqayıt şəhərindəki “Şəhidlər Xiyabanı”na gətirilib. Cənazə namazı qılındıqdan sonra şəhidimizin nəşi Azərbaycan Dövlət Himninin və yaylım atəşinin sədaları altında dəfn edilib. Şəhidin tabutu üzərinə bükülən üçrəngli Azərbaycan bayrağı əbədi xatirə olaraq onun atasına təqdim edilib.
Dəfn mərasimində Sumqayıt, Abşeron, Zəngilan və Qubadlı icra hakimiyyətlərinin başçıları, Müdafiə Nazirliyinin rəsmiləri, deputatlar, hökumət və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasimdə çıxış edənlər qüdrətli Azərbaycan ordusunun düşmənə hər an tutarlı cavab verməyə hazır olduğunu, şəhidlərimizin qanının yerdə qalmayacağını, Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək onun əmrini gözlədiklərini bildiriblər.
Allah şəhidimizə rəhmət eləsin!