Şriftin ölçüsü :

Saytın rəngi :

Mehdiabad qəsəbəsində məskunlaşan Cəbrayıllı şəhid dəfn edildi

09 aprel 2016 | 16:00

Cəbhənin Tərtər rayonu istiqamətində erməni silahlı qüvvələrinin həyata keçirdiyi təxribatın qarşısını alarkən şəhid olan Azərbaycan ordusunun əsgəri İbrahimov Mahmud Azər oğlunun cənazəsi bu gün böyüyüb boya-başa çatdığı Abşeron rayonunun Mehdiabad qəsəbəsində minlərlə Abşeronlu tərəfindən qarşılanıb.
Keçirilən vida mərasimində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova , eləcə də rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinin əməkdaşları, şəhidin xidmət etdiyi hərbi hissənin zabit və əsgərləri, ictimaiyyət nümayəndələri, Qarabağ müharibəsi veteranları, şəhidin doğmaları, KİV əməkdaşları və minlərlə sakin iştirak ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova dəfn mərasimində ictimaiyyət qarşısında çıxış edərək şəhidimizin ailə üzvlərinə başsağlığı verib. Torpaq uğurunda şəhid olmağın ən ali, uca zirvə olduğunu qeyd edən başçı şəhidlərin daim elin yaddaşında xatırlanacağını vurğulayıb. Azərbaycan əsgərinin qüdrətinin, gücünün cəbhədə gedən son döyüşlər zamanı qazanılan uğurlardan bir daha bəlli olduğunu deyən İ.Gülməmmədova bildirib ki, torpağlarmızın azadlığı uğrunda silahlı qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin əmri ilə hər bir Abşeronlu döyüşlərə hazırdır.

Sonra çıxış edənlər şəhidin vətən uğrunda canından keçdiyini, əbədiyyətə qovuşduğunu bildirərək, Azərbaycanın bütövlüyü uğrunda aparılan döyüşlərdə ordumuzun yanında olduqlarını qeyd ediblər.

Mərasimdə “Qarabağ bizimdir, bizim olacaq!”, “Şəhidlər ölməz, vətən bölünməz!” və başqa şüarlar səsləndirilib.

Minlərlə insanın müşayiəti ilə şəhidin cənazəsi əsgəri ənənələrə uyğun yaylım atəşi altında Zabrat qəbristanlığında torpağa tapşırılıb, məzarı üstünə əklillər və tər qərənfillər qoyulub .

Dəfn mərasimində Şəhidin atası Azər İbrahimov Vətənə xidmətin hər bir övladın borcu olduğunu deyərək, şəhid oğlu ilə fəxr etdiyini bildirib

Qeyd edək ki, 1997-cü il təvəllüdlü M. İbrahimov 2015-ci ildə Cəbrayıl rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmət çağırılıb.

Allah şəhidimizə rəhmət eləsin!

 

Keçidlər