Abşeronda 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş anım mərasimi keçirilib
Bu gün 31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Abşeron Rayon İcra Hakimiyyətinin, rayon təhsil şöbəsinin və Yeni Azərbaycan Partiyasının Abşeron Rayon Təşkilatının təşəbbüsü ilə anım tədbiri keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısının müavini Fuad Cəbrayılov, YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev, təhsil şöbəsinin müdiri Kamran Rzayev, rayon ziyalılları və ictimaiyyətin nümayəndələri iştirak edib.
Mərasimdə əvvəlcə soyqırımı qurbanlarının, vətənimizin azadlığı və suverenliyi uğrunda şəhid olmuş igid oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Abşeron rayon təşkilatının sədri Bilman Vəliyev çıxış edərək 1918-ci ilin martında erməni daşnaklarının və bolşevik qüvvələrinin Azərbaycanda kütləvi qırğınlar, qətliamlar törətməklə bəşər tarixində misli görünməmiş soyqırımını həyata keçirdiklərini bildirib. Bu qırğında on minlərlə azərbaycanlının kütləvi şəkildə öldürülməsinin XX yüzilliyin ən qanlı səhifələrindən biri olduğunu söyləyən təçkilat sədrinin sözlərinə görə, erməni millətçilərinin xalqımıza qarşı apardığı mənfur siyasətin məqsədi azərbaycanlıları qədim torpaqlarından çıxarmaq və bizim ərazilərimizdə erməni tarixçilərinin və ideoloqlarının uydurduğu “Böyük Ermənistan” dövləti qurmaqdır.
B.Vəliyev bu soyqırımının əsl hüquqi-siyasi qiymətin Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra verildiyini vurğulayıb. Mart hadisələrinin 80-ci ildönümündə - 1998-ci il martın 26-da Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərman erməni millətçilərinin cinayətlərinə verilən ilk dolğun və hərtərəfli hüquqi-siyasi qiymət olub.
Qeyd olunub ki, Prezident İlham Əliyevin 2009-cu il 30 dekabr tarixli “Quba şəhərində Soyqırımı Memorial Kompleksinin yaradılması haqqında” Sərəncamı Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətdə atılan mühüm addımlardan biridir. Belə bir kompleksin inşası son dərəcə vacib əhəmiyyətə malikdir.
Daha sonra tarixçi İlqar Rüstəmov, Abşeron RTŞ-nın Tarix üzrə metodisti Zərifə Cəbiyeva, YAP Abşeron rayon qadınlar şurasının sədri Teyyübə Hüseyinova çıxış edərək ermənilərin tarix boyu Azərbaycan xalqının başına gətirdiyi faciələrdən danışıb, bu hadisələrdən ibrət götürməyin vacibliyini qeyd ediblər.