Sərhədçi Atçılıq Mərkəzində hərbi xidmət keçən hərbçilər üçün Novruz şənliyi və “Valideyn Günü” keçirilib
Abşeron rayonunun Novxanı kəndi ərazisində yerləşən Sərhədçi Atçılıq Mərkəzində hərbi xidmət keçən hərbçilər üçün Novruz şənliyi və “Valideyn Günü” keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı xanım İradə Gülməmmədova, eləcə də rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, Hərbi hissə komandiri, polkovnik leytenant Mehman Tağıyev, şəxsi heyət və valideynlər iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə Atçılıq Mərkəzində saxlanılan atlarla, onların saxlanma şəraiti ilə tanış olublar.
Azərbaycan dövlət himninin səsləndirilməsi ilə başlanan bayram şənliyində kapitan Valeh Abdullayev Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyevin təbrik məktubunu səsləndirib.
Hərbi hissə komandiri M.Tağıyev sərhədlərimizin tam layiqincə qorunmasından, bunun üçün Azərbaycan hərbçilərinin göstərdiyi fədakarlıqdan danışıb.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova rayon ərazisində 2 hərbi hissənin yerləşdiyini və 450 mindən artıq sakinin yaşadığını bildirərək Azərbaycan hərbçilərinin hər birimizin fəxri olduğunu qeyd edib. Hərbi hissənin və şəxsi heyətin fəaliyyəti ilə tanışlıqdan sonra fərəhləndiyini ifadə edən başçı Azərbaycan sərhədlərinin etibarlı əllərdə olduğunu vurğulayıb. Sərhədçilərin və valideynlərin Novruz bayramını təbrik edən İ.Gülməmmədova hərbçilərimizə bu şərəfli işdə uğurlar arzulayıb.
Sonra xidməti vəzifələrini yüksək səviyyədə yerinə yetirən hərbçilərə fəxri fərmanlar və hədiyyələr təqdim olunub.
Bayram tədbiri incəsənət nümayəndələrinin konsert proqramı ilə davam edib.