Abşeron rayonunda 2015-ci ildə sosial-iqtisadi inkişafının yekunları və 2016-cı ildə qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirildi
Abşeron rayonunda 2015-ci ilin sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan hesabat yığıncağı keçirilib.
Tədbir iştirakçıları əvvəlcə ümummilli liderin Xırdalan şəhərindəki Heydər Əliyev adına mədəniyyət və istirahət parkında ucaldılan abidəsini ziyarət etdilər.
Rayonun Heydər Əliyev Mərkəzində keçirilən iclada rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova bildirdi ki, ötən dövr ərzində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində abadlıq-quruculuq işləri davam etdirilib, əhalinin maddi rifahı yaxşılaşdırılıb, sosial problemlərin həlli məsələləri diqqət mərkəzində saxlanılıb.
2015-ci ildə rayon ərazisində yolların əsaslı təmiri məqsədilə yaşayış məntəqələrində şəhər, qəsəbə və kəndarası yollara 130 min 752 kvadratmetr asfalt örtük çəkilib, ümumilikdə 175 küçə daxili imkanlar hesabına əsaslı təmir olunub. Əhalinin elektrik enerjisi, təbii qaz və içməli su ilə təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb. Ötən il Ceyranbatan qəsəbəsi ərazisində Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksi və rayonun Atyalı adlanan ərazisində tutumu 20 min kubmetr olan su anbarının istismara verilməsi rayon əhalisinin 24 saat təmiz içməli su ilə təmin olunmasına imkan verib. Bundan başqa, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən il ərzində rayonda 64 layihə üzrə 41 milyon 364 min manat güzəştli kredit verilib, layihələrin icrası nəticəsində 900 yeni iş yeri yaradılıb. Rayonun idarə, müəssisə və təşkilatlarının rəhbərləri və sahibkarklar hesabat məruzəsi ətrafında çıxış etdilər, onlara göstərilən yüksək diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıq etdilər. Prezident Adminstrasiyasının məsul əməkdaşı Niyaz Əliyev isə ölkəmizdə həyata keçirilən uğurlu islahatlardan danışdı. Sonda Prezident İlham Əliyevə yığıncaq iştirakçıları adından müraciət qəbul edildi.