Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

05 iyun 2015 | 15:00

Ölkəmizin şəhər və rayonlarını qarış-qarış gəzən birinci Avropa Oyunlarının məşəli iyunun 5-də axşam saatlarında Xırdalan şəhərinə gətirilib.

Məşəl Xırdalan şəhərinin girişində qurulan Oyunların rəmzi qapısında rayon ictimaiyyəti tərəfindən böyük sevinc və alqışlarla qarşılanıb. Qarşılanma mərasimində milli rəqslər, oyunlar nümayiş etdirilib.

Kunq-fu idman növü üzrə dördqat dünya, ikiqat Avropa çempionu, əməkdar idman ustası Ramiz Yaqnəliyev birinci Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul etdi.

Sonra 10 nəfər məşəlçinin yürüşünə start verildi. Onlar rayon sakinlərinin alqışları ilə məşəli bir-birinə ötürərək Məhəmməd Əmin Rəsulzadə küçəsi, Heydər Əliyev prospekti, Zərifə Əliyeva və Qalubiyyə küçələrindən keçməklə 2,5 kilometr məsafə qət etdilər. Sonuncu məşəlçi, kunq-fu idman növü üzrə Avropa və dördqat dünya çempionu Rövşən Həşimov Heydər Əliyev parkında quraşdırılan səhnəyə qalxaraq məşəli alovlandırdı.

Avropa Oyunlarının çırağı yarışlar başa çatanadək saxlanılmaq üçün Heydər Əliyev Mərkəzinə təhvil verildi.

Birinci Avropa Oyunları məşəlinin Atəşgah məbədində alovlandırılmasını əks etdirən videoçarx təqdim olundu.

Məşəl estafetinin iştirakçısı, əməkdar idman ustası Ramiz Yaqnəliyev  müsahibəsində birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsinin böyük nailiyyət olduğunu dedi: “İlk Avropa Oyunları ölkəmizin növbəti uğurudur. Azərbaycanda bu mötəbər yarışın keçirilməsi ölkəmizin beynəlxalq aləmdəki böyük nüfuzundan xəbər verir. Artıq idman ölkəsinə çevrilən ölkəmiz son illər bu sahədə böyük uğurlara imza atıb. İdmançılarımız dünya, Avropa çempionatlarında, Olimpiya Oyunlarında və digər beynəlxalq yarışlarda böyük uğurlar qazanırlar. Vətəndaşlarımız bu möhtəşəm idman bayramını böyük coşqu və sevinclə qarşılayır. Fəxr edirik ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra qısa zamanda bu cür beynəlxalq tədbirə ev sahibliyi edir. Avropa Oyunlarının məşəlinin bizim şəhərdə də alovlandırılması yaddaşımızdan silinməyəcək”.

Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsindən qürur duyan şəhər sakini Sevda Əsgərova təəssüratlarını bölüşdü: “Mən də bu möhtəşəm tədbirin ilk dəfə ölkəmizdə keçirilməsinə çox sevinirəm. Bu sevinci bizə bəxş etdiyinə görə dövlətimizin başçısı İlham Əliyevə dərin minnətdarlığımızı bildiririk. Bu tarixi hadisə sübut edir ki, ölkəmiz təkcə iqtisadi cəhətdən deyil, idman sahəsində də mühüm uğurlara imza atır. İlk Avropa Oyunlarının Bakıda keçirilməsi də bunun məntiqi nəticəsidir. Hesab edirəm ki, belə möhtəşəm tədbir ölkəmizin tarixində növbəti bir şərəfli səhifə açacaq. Azərbaycan vətəndaşı olaraq bu tarixi hadisəyə sevinir və qürur duyuram. Azərbaycan xalqı bu gün əsl bayram əhval-ruhiyyəsi yaşayır. Sevinirik ki, gündən-günə güclənən, inkişaf edən bir ölkənin vətəndaşlarıyıq”.

Bununla da birinci Avropa Oyunlarının məşəli bölgələrimizə səfərini uğurla başa çatdırdı. Məşəl estafeti Bakıda davam etdiriləcək.

 

Keçidlər