Şriftin ölçüsü :

Saytın rəngi :

MTN-in yaradılmasının 96 illiyi münasibətilə Abşeron rayonunda tədbir keçirilib

28 mart 2015 | 16:00

   Milli Təhlükəsizlik Nazirliyi əməkdaşlarının peşə bayramı günü münasibətilə Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində təntənəli mərasim keçirilib. Öncə MTN Abşeron rayon şöbəsinin əməkdaşları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri Heydər Əliyev parkında Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri qoyublar. Daha sonra Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən videomateriallar, fotoşəkillər, interaktiv lövhələrə baxış olub

   Tədbirdə MTN Abşeron rayon şöbəsinin rəisi Rauf Məmmədov məruzə ilə çıxış edərək bildirmişdir ki, 1919-cu il martın 28-də Azərbaycan Demokratik Respublikası Hərbi Nazirliyinin Baş Qərargahı nəzdində kəşfiyyat və əks-kəşfiyyat bölməsinin yaradılması ilə təməli qoyulan təhlükəsizlik orqanları şərəfli inkişaf yolu keçmiş, dövlət müstəqilliyinə, ərazi bütövlüyünə qarşı yönəldilmiş terror-təxribat və kəşfiyyat-pozuculuq cəhdlərinin qarşısını qətiyyətlə almış, bu gün regionun lider dövləti olan müstəqil respublikamızın mühüm dövlət strukturuna çevrilmişdir. Keçmiş kommunist rejiminin ilk dövrlərində cəza maşını funksiyasını yerinə yetirən komitədə milli ruhlu, Vətən qeyrətli oğulların da çalışdığına diqqət çəkən şöbə rəisi, 1956-1965-ci illərdə ulu öndər Heydər Əliyevin Dövlət Təhlükəsizliyi Komitəsində əvvəlcə əks-kəşfiyyata, 1967-ci ildən isə bütün quruma rəhbərliyi zamanı həmin xidmət orqanlarının keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu, milli dövlətçiliyi və maraqları mühafizə edən bir struktura çevrildiyini, burada çalışan milli kadrların sayının qısa müddətdə əhəmiyyətli dərəcədə artırıldığını xüsusi qeyd etmişdir.

Bildirilmişdir ki, ulu öndərin Azərbaycana rəhbərlik etdiyi 1969-1983-cü illər bütün respublika kimi, MTN-nin də yüksəliş dövrü olmuşdur. Bu qurum milli maraqları qorumaq funksiyasını icra edən xüsusi əhəmiyyətli dövlət strukturu kimi fəaliyyət göstərməyə başlamışdır.

1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə yenidən qayıdan ümummilli liderimizin diqqət və qayğısı nəticəsində nazirlik müstəqil dövlətçiliyimizi qoruyan mühüm struktura çevrilmişdir.

Qeyd olunmuşdur ki, bu gün MTN Abşeron rayon şöbəsinin əməkdaşları Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin müstəqil dövlətçiliyimizin mühafizəsi ilə əlaqədar qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsi üçün əzmlə çalışırlar.

Görüşdə çıxış edən xüsusi xidmət orqanlarının veteranları, rayon ictimaiyyətinin nümayəndələri nazirliyin əməkdaşlarını MTN-nin 96 illiyi və Novruz bayramı münasibətilə təbrik edərək şərəfli işlərində nailiyyətlər arzulamışlar.

Qeyd edimki, Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Abşeron rayon bölməsinin inzibati binasınn açılışı 2007-ci ilin oktyabrın 17-də olub.Tədbirdə milli təhlükəsizlik naziri Eldar Mahmudov, nazirliyin bir qrup rəhbər işçisi və rayon rəhbərliyi cənab Zakir Fərəcov iştirak etmişlər.

 

Keçidlər