Heydər Əliyev Mərkəzində 5-ci Muğam televiziya müsabiqəsi keçirilmişdir
5-ci Muğam televiziya müsabiqəsi öz rəngarəngliyi ilə davam edir. Musiqi hadisəsi çərçivəsində növbəti konsert Abşeron rayonundakı Heydər Əliyev Mərkəzində keçirilmişdir.
Əvvəlcə konsert iştirakçılarına Abşeron rayonunda son illər həyata keçirilən abadlıq-quruculuq işlərindən, müxtəlif istiqamətlərdə, o cümlədən mədəniyyət sahəsində reallaşdırılan layihələr barədə genış məlumat verildi.
Bildirildi ki, muğam müsabiqəsinin keçirildiyi Heydər Əliyev Mərkəzi də bu layihələr slırasındadır. Sonra musiqi hadisəsinin ən dəyərli ənənəsinə yer verildi. Bu dəfə gənclərə örnək olacaq məşhur sənətkarımız - xanəndə, xalq artisti Tələt Qasımov yaradıcılığına nəzər salındı. Xanəndənin Azərbaycan Televiziyasının Qızıl Fondunda saxlanılan ifası səsləndirildi və xatirələr yaşlı nəsli bir anlıq keçən illərə apardı. Qeyd olundu ki, Tələt Qasımov milli ifaçlıq sənətimizdə öz nəfəsi olan, muğamımızı dərindən bilən xanəndələr sırasındadır. Sənətkarla bağlı xatirələrini bölüşən Xalq artisti Ağaxan Abdullayev onun insani keyfiyyatlarindən də danışdı.
Həyəcan və çoşqu ilə həftənin bazar ertəsi və cümə günü muğamsevərlərin görüşünə gələn 5-ci muğam televiziya müsabiqəsi nəinki ölkəmizdə, xaricdə də maraqla izlənilir. Heydər Əliyev Mərkəzinin səhnəsinə növbə ilə çıxan gənc xanəndələr Məhəmməd Füzulinin qəzəllərinə oxunan muğam və təsnifləri dəyərli münsiflər heyyətinin, milyonlarla tamaşaçının ixtiyarına verdilər. İstedad sahibləri “ Rast “Dilkeş” “Segah”, “Şur”, “Şikesteyi fars”, “Bayatı –isfahan” təsniflərini özlərinə məxsus şəkildə ifa etdilər.Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Fondunun layihəsi əsasında reallaşan, 5-ci Muğam televiziya müsabiqəsi Azərbaycan televiziya və radiosu, Mədəniyyət kanalı vasitəsi ilə canlı yayımlanıb.