Abşeronda 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə təntənəli bayram tədbiri kecirilmişdir
8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə martın 6-da Xırdalan şəhər Heydər Əliyev Mərkəzində təntənəli bayram şənliyi keçirildi.
Bayrama dəvət edilmiş bütün qadınlara Mərkəzə daxil olarkən qızılgüllər və qiymətli hədiyyələr təqdim edildi.
Tədbirdə Abşeron rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, icra hakimiyyətinin digər rəsmiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, rayonumuzun müxtəlif sahələrində çalışan qadınlar iştirak edirdi.
İcra hakimiyyətinin başçısı cənab Zakir Fərəcov 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə tədbir iştirakçılarını və onların simasında rayonun bütün qadınlarını təbrik etdi, xoş arzularını çatdırdı. Daha sonra ölkə Prezidenti cənab İlham Əliyevin qayğı və diqqəti, Dövlət Proqramlarının uğurlu icrası nəticəsində son illər rayonda aparılan tikinti quruculuq, abadlıq işləri haqqında geniş məlumat verdi. Rayonun bir neçə istiqamətində əsas magistral avtomobil yollarının asfaltlaşdırıldığını, yaşayış məntəqələrinin qazlaşdırıldığını, kənd və qəsəbələrdə yeni təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin, uşaq bağçalarının tikildiyini, yeni iş yerlərinin yaradıldığını qeyd edən natiq bütün bu işlərdə rayonumuzun qadınlarının da aktiv iştirak etdiyini diqqətə çatdırdı.
O həmçinin qeyd etdi ki, son illər ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva və Fondun vitse-prezidenti Leyla xanım Əliyevanın timsalında Azərbaycan qadınının tam azad, ictimai-siyasi fəaliyyətdə aktiv rol oynadığını bütün dünya aydın şəkildə görür. Məhz bu fəallığın nəticəsidir ki, ötən il yerli bələdiyyə orqanlarına keçirilən seçkilərdə 100-dən çox qadın bələdiyyə üzvlüyünə namizədliyini irəli sürmüş, 30-dan çoxu bələdiyyə üzvü, onlardan 2-si isə bələdiyyə sədri seçilmişdir.
Ürək sözlərini söyləyərkən tarixə qısa ekskursiya edən İcra başçısı bildirdi ki, Azərbaycan qadınları tarixin bütün dövrlərində qəhrəmanlıq, cəsurluq, fəallıq, yenilməzlik nümunəsi göstərmiş, cəmiyyət həyatına mütəmadi nüfuz etmiş, öz milli xüsusiyyətlərini, ülvi, ali hisslərini qoruyub saxlamışlar.
Z.Fərəcov çıxışında qeyd etmişdir ki, Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra qadınların ölkəmizin ictimai-siyasi, mədəni həyatında daha fəal iştirakına geniş yer verilmişdir. Bunun nəticəsində də qadınlar dövlət quruculuğu işlərinə cəlb olunmuşlar. Ümummilli Liderin bu siyasəti möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən bu gün uğurla davam etdirilir.
İcra başçısı sonda vurğuladı ki, respublikamızın hər yerində olduğu kimi, Abşeronda da qadınlar rayonun ictimai-siyasi, mədəni və iqtisadi həyatında fəal iştirak edərək, bu gün rayonumuzda uğurla həyata keçirilən genişmiqyaslı tikinti, quruculuq və abadlıq işlərinə öz töhfələrini verirlər.Sonra Z.Fərəcov bir qrup qadına rayonun ictimai-siyasi həyatında fəal iştirakına görə Fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim etdi.
Tanınmış incəsənət ustalarının və bir qurup tanınmış musiqiçilərin ifa etdikləri şən, oynaq musiqi nömrələri şənliyi daha da rövnəqləndirdi. Sonda şirniyyat masası arxasında keçən şənlik hamıya gözəl ovqat, sevinc duyğuları bəxş etdi.