Abşeronda Xocalı soyqırımı anılıb
Xocalı soyqırımının 23-ci ildönümü respublikamızın hər yerində olduğu kimi Abşeron rayonunda da silsilə tədbirlərlə anılmaqdadır. Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən hazırlanmış tədbirlər planına uyğun olaraq rayonun idarə və təşkilatlarında, orta, orta ixtisas və ali məktəblərində faciə ilə bağlı sərgilər və müxtəlif tədbirlər keçirilib. Faciənin dəhşətini gənc nəslə anlatmaq üçün rayonun mədəniyyət müəssisələrində soyqırımının ildönümünə həsr olunmuş silsilə xatirə gecələri, foto və rəsm sərgiləri keçirilmiş, hadisə şahidləri ilə görüşlər təşkil olunub.
Tədbirlər proqramı çərçivəsində fevralın 25-i rayonun orta, orta ixtisas və ali məktəblərində ilk dərslər "Xocalı Soyqırım"ına həsr olunub. Faciənin ildönümü ərəfəsində Xocalı şəhərindən köçkün düşərək Abşeron rayonuda müvəqqəti məskunlaşmış bir qrup ailənin nümayəndələri ilə görüşlər də keçirilib.
Tədbirlər proqramının davamı olaraq bu gün Abşeron rayon İcra Hakimiyyətinin dəstəyi ilə Xırdalan şəhər mədəniyyət evində "Xocalı Soyqırım"ına həsr olunmuş geniş anım mərasimi keçirilib. Əvvəlcə şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub, daha sonra "Xocalı Soyqırım"ını əks etdirən, Abşeronlu gənclər tərəfindən çəkilmiş Xocalı həqiqətlərini əks etdirən sənədli filim nümayiş etdirilib.
Sonda Abşeron rayon mədəniyyət evinin işciləri tərəfindən hazırlanmış, "Xocalı Soyqırım"ına həsr olunmuş bədii kompozisiya nümayiş etdirilib.