Şriftin ölçüsü :

Saytın rəngi :

“Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu

 

Abşeron rayonunun Məmmədli kəndində yerləşən Yanardağ abidəsinin ərazisi Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin 2 may 2007-ci il 2141 №-li sərəncamı ilə Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu elan edilib. Qoruğun fəaliyyəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyun 2018-ci il tarixli, 255 nömrəli qərarına əsasən Dövlət Turizm Agentliyi tərəfindən tənzimlənir.
2018-ci il 17 iyul tarixində Cənab Prezident İlham Əliyev “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun yenidən qurulması, abidənin ərazisində müasir turizm infrastrukturunun yaradılması ilə bağlı tədbirlər haqqında sərəncam vermişdir.

Ərazisi

Qoruq 64,55 hektar ərazini əhatə edir. Qoruğun tərkibində Yanardağ – əbədiyaşar alov təbii abidəsi ilə yanaşı, digər maddi-mədəni irs nümunələri və təbiət abidələri də var. Bu abidələrə “Qurd yuvası” adlanan ilkin ibtidai icma dövrünə aid mağaralar, çoxəsrlik tarixə malik və qədim sandukələr ilə zəngin iki qəbristanlıq, kükürdlü su qaynayan müalicəvi bulaqlar, hələ də aktiv fəaliyyətdə olan Qırməki palçıq vulkanı, yerli əhali tərəfindən müqəddəs hesab edilən qara rəngli daşların qorunduğu Əlidaşı piri, Kardaşı iri təbii qaya daşları, Qırməki vadisi, qədim kurqan aiddir.

Təbiəti

"Yanardağ" təbiət abidəsi yerin dərinliklərindəki mövcud neftli-qazlı çöküntü laylarında vulkanik-tektonik proseslərdən yaranan çatlar vasitəsilə səthə çıxan təbii qaz axınlarının alışıb yanması nəticəsində əmələ gəlib. Bakının rəmzi hesab olunan üç alov və dəniz simvolu da Yanardağın əks istiqamətində vaxtı ilə aktiv şəkildə daimi alovlanmış, lakin hal-hazırda sönmüş üç təpəyə əsasən qəbul edilib. Ərazidə aparılan geoloji tədqiqatlar, həmçinin orta əsrlərə aid tarixi mənbələr sübut edir ki, Bakı və ətraflarında həm quru, həm də dəniz üzərində daimi yanan alovlar hələ qədim dövrlərdən bəri müşahidə olunur.


Yanardağ və Abşeronun digər yerləri ilkin dövrlərdən etibarən atəşpərəstlik və zərdüştlük dininə ibadət edənlər tərəfindən müqəddəs hesab edilib.

Rəsmi veb səhifə

 

 

Keçidlər