Oqtay Sabir oğlu Əsədov
Oqtay Əsədov 1955-ci il yanvarın 3-də Ermənistan Respublikası Qafan rayonunun Şəhərcik kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Neft və Kimya İnstitutunun maşınqayırma texnologiyası fakültəsini bitirmişdir.
1976-cı ildən Bakı Məişət Kondisionerləri zavodunda usta köməkçisi, usta işləmişdir. 1979-cu ildən Azərbaycan Baş Quraşdırma və Xüsusi İnşaat İşləri İdarəsinin böyük mühəndisi, 1981-ci ildən Azərbaycan Baş Quraşdırma və Xüsusi Tikinti İşləri Nazirliyinin "Azərsantexquraşdırma" Trestinin böyük texnoloqu, idarə rəisi, birlik rəisi olmuşdur. 1996–2005-ci illərdə Abşeron Regional Səhmdar Su Cəmiyyətinin prezidenti vəzifəsində çalışmışdır.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvüdür.Azərbaycan Respublikası II çağırış Milli Məclisinin deputatı olmuşdur. 2005-ci il noyabrın 6-da 45 saylı Abşeron seçki dairəsindən deputat seçilmişdir. 2 dekabr 2005-ci ildən 5 dekabr 2019-cu ilədək Azərbaycan Respublikası Milli Məclisinin Sədri olmuşdur. MDB-nin Parlamentlərarası Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəridir.
Rus və ingilis dillərini bilir. Beynəlxalq Su Assosiasiyasının üzvüdür. 2014-cü ildə Prezidenti İlham Əliyev Oqtay Əsədovun "Şərəf" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. Evlidir, 2 övladı var.
.
Şahin Kamil oğlu Seyidzadə
15 aprel 1978-ci il tarixində Bakı şəhərində anadan olub. 1995-ci ildə akademik Azad Mirzəcanzadənin təşəbbüsü ilə yaradılmış Həbib bəy Mahmudbəyov adına Texniki-Humanitar Liseyi bitirib. 1999-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetinin bakalavr, 2001-ci ildə bu universitetin, 2006-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Menecment” ixtisası, 2007-ci ildə isə İngiltərənin Mançester Universiteti “Təhsilin təşkili və idarəetməsi ixtisası” üzrə magistr dərəcəsi alıb. Həmçinin, Rusiya Federasiyasının Hökuməti nəzdində Xalq Təsərrüfatı Akademiyasının Sosial və İqtisadi elmlər üzrə Moskva Ali Məktəbinin “Təhsilin təşkili və idarəetməsi” ixtisası üzrə təhsil alıb. Hazırda Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Təhsilin təşkili və idarəetməsi” üzrə fəlsəfə doktorluğu üzrə dissertantıdır.
İctimai fəaliyyətinə 1999-ci ildən başlayıb, bir çox ictimai və dövlət əhəmiyyətli layihələrə rəhbərlik edib. 2006-2012-cı illərdə bir sıra özəl müəssisələrin rəhbər vəzifələrində çalışıb. 2012-2016-cı illərdə Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri, 2012-2017-ci illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Müşahidə Şurasının üzvü olub. Hazırda Azərbaycan Respublikası Təhsil Nazirliyinin “SABAH qrupları”nın və Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Regional İnkişaf” İctimai Birliyi tərəfindən həyata keçirilən “Sosial layihələr” müsabiqəsinin rəhbəridir.
Gənclər siyasətinin həyata keçirilməsində səmərəli fəaliyyətinə görə “Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu” ilə təltif olunub.
Ailəlidir, iki övladı var.