Şriftin ölçüsü :

Saytın rəngi :

İradə Gülməmmədova yenidən qurulan Rəşid Behbudov küçəsinə baxış keçirdi

15 yanvar 2021 | 16:00

Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova Xırdalan şəhədində əsaslı şəkildə yenidən qurulan Rəşid Behbudov küçəsinə baxış keçirib. RİH başçısına bildirilib ki, sözügedən küçə Xırdalan şəhərinin giriş-çıxışındakı avtomobil axınını fasiləsiz və tıxacsız təşkil edilməsində xüsusi əhəmiyyətə malikdir. Belə ki, R.Behbudov küçəsində həyata keçirilən asfaltlanma işləri bitdikdən sonra şəhərin əsas küçə və prospektlərindəki avtomobillərin axın yükü azalacaq.
Layihə çərçivəsində küçənin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb.Hazırda adı çəkilən küçədə asfaltlanma işləri aparılır.
Layihənin sonuncu mərhələsində kanalizasiya quyularının qapaqları yenilənəcək, yol kənarlarına yeni yağış barmaqlıqları yerləşdiriləcək, hərəkətin normal təşkili üçün yol nişanları və məlumatverici lövhələr quraşdırılacaq, yolcizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilməsi işləri aparılmaqla müasir yol infrastrukturu yaradılaraq vətəndaşların istifadəsinə veriləcək.
İşlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Sonra sakinlərlə görüşən İ.Gülməmmədova onları narahat edən məsələlər, qarşılaşdıqları əsas problemlərlə maraqlanıb. Xırdalan şəhərində həyata keçirilən geniş abadlıq-quruculuq işlərinə, küçələrin asfaltlanmasına görə cənab Prezident İlham Əliyevə öz təşəkkürlərini bildirən sakinlər görülən tədbirlərdən razı qaldıqlarını bildiriblər.

Keçidlər