“Azərbaycan Ordusu döyüş meydanında özünün üstünlüyünü sübut etdi. İşğal edilmiş ərazilərin xeyli hissəsi bir ay ərzində azad olundu. Azərbaycan Ordusunun dünyada ən yaxşı döyüş qabiliyyətinə malik ordulardan biri hesab edilir. Ölkələrin hərbi potensialının dəyərləndirilməsi ilə məşğul olan qurumların vaxtaşırı dərc etdiyi reytinqlərə əsasən, Azərbaycan Ordusu dünyanın aparıcı 50 ordusu sırasındadır”. Bu fikirləri Prezident İlham Əliyev Rusiyanın “İnterfaks” agentliyinə verdiyi müsahibə söyləyib. Rəsmi İrəvanın siyasətinin ifşa olunmasından, Ermənistan hakimiyyətinin siyasi müstəvidə qeyri-konstruktiv yanaşma nümayiş etdirməsindən danışan dövlətimizin başçısı bildirib ki, erməni tərəfi işğal edilmiş ərazilərin qalan hissəsindən qoşunlarını çıxarmaq barədə öhdəlik götürdüyü andan etibarən Azərbaycan döyüşləri dayandırmağa hazırdır.“Atəşkəs rejimini artıq üç dəfə kobud şəkildə pozan Ermənistan siyasi müstəvidə qeyri-konstruktiv yanaşma nümayiş etdirir” – deyən Prezidentin sözlərinə görə, atəşkəsi 3 dəfə pozan Ermənistana etibar etmək çətindir. “Azərbaycan hərbi əməliyyatları dayandırmağa hazırdır. Lakin, atəşkəsi üç dəfə pozan rəsmi İrəvan öz təxribatlarını dayanmadan davam edir. Erməni hərbçilərin hədəfi mülki əhalidir. Qeyd olunan amil sadəcə təxribat deyil, hərbi cinayətdir. Kasetli raketlərlə mülki əhalinin bombalanması terror aktıdır”.
Rəsmi İrəvanın hərbi cinayətlər törətməsinə də münasibət bildirən dövlətimizin başçısı qeyd edib ki, dinc şəhərlərə kasetli raketlərlə və döyüş sursatları ilə hücumlar hərbi cinayətdir. Ermənilərin atəşləri nəticəsində 69 dinc vətəndaş həlak olub, 300-dən çox adam yaralanıb. Budur, erməni faşizminin siması.
Başqa ölkələrin arxasında gizlənmək Ermənistanın dövlət siyasətidir
Rəsmi İrəvan bütün dövrlərdə başqa ölkələrin arxasında gizlənməyə nail olub. Onların problemlərini başqa ölkələr həll edir. Müasir erməni dövlətinin ideologiyası da, əslində, bundan ibarətdir. Bu ideologiyanın çox dərin tarixi kökləri var. Ermənistan tarixən regionumuzda olan münaqişələrin səbəbkarıdır.Prezident İlham Əliyev deyib ki, son 200 ilin tarixini, Qafqazın tarixini izləsək, Ermənistanın yarıtmaz siyasəti ucbatından neçə müharibə baş verməsini, onların başqa ölkələr üçün neçə təxribat yaratmasını görərik. Münaqişə yaradıb sonra da kolluğa qaçaraq və kimlərinsə arxasında gizlənərək başqa xalqların qanının axıdılmasının və qarşıdurmanın bəhrələrini görürdülər. Ermənistan Qafqazın bədənində yad cisim kimi qalmamalıdır.
Paşinyanın siyasəti Ermənistanın suverenliyinə təhlükələr yaradır. Dağlıq Qarabağ rejiminin başçısı üçün Şuşada inauqurasiyanın təşkil etməsi, Cenevrə Konvensiyasını nümayişkaranə şəkildə pozmaqla lovğalanması, Livan ermənilərinin Dağlıq Qarabağda, o cümlədən Şuşada məskunlaşdırılması, “Dağlıq Qarabağ parlamenti”ni Xankəndidən Şuşaya köçürülməsi və sair açıq təxribatlar Ermənistan üçün yeni təhlükələrin yaradılmasına xidmət edir. Azərbaycan xalqının öz doğma torpaqlarına qayıtmasının vacibliyini önə çəkən dövlətimizin başçısı deyib ki, Azərbaycanlılar təkcə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənarda yerləşən işğal edilmiş yeddi rayona deyil, o cümlədən əsrlərboyu yaşadıqları ərazilərə, torpaqlara qayıtmalıdırlar.
İşğaldan azad edilmiş ərazilərdə xüsusi müvəqqəti komendaturalar yaradılacaq. Dövlətimizin başçısının sözlərinə görə, bu komendaturalar dəymiş ziyanın hesablayacaq: “Hər şey inventarlaşdırılacaq, vurulmuş ziyan qiymətləndiriləcək və sonra vətəndaşların oraya qayıdacağı mərhələdə müvafiq hüquqi prosedurlar aparılacaqdır. Qarabağı bərpa etmək, onu yer üzündə ən gözəl və həyat üçün rahat guşələrdən birinə çevirməkdən Azərbaycanı dayandıra biləcək maddi maneə yoxdur”. Azərbaycanın öz tolerantlıq ənənələrinə sadiqliyindən söz açan Prezident bildirib ki, Dağlıq Qarabağın erməni və azərbaycanlı əhalisi birgə yaşamalıdır. Tarixən iş elə gətirib ki, artıq 200 ildir erməni əhalisi bu torpaqlarda yaşayır. Ermənilərin Şərqi Anadoludan və İrandan köçürülməsi tarixini hər kəs bilir. Azərbaycanlılar əvvəl yaşadıqları bütün ərazilərə qayıtmalıdırlar. Mehriban qonşuluq şəraitində erməni əhalisi də həmin torpaqda yaşamalıdır.
Beynəlxalq təşkilatlar münaqişənin həllinə öz töhfələrini verməlidirlər
BMT Təhlükəsizlik Şurasının qəbul etdikləri qətnamələrini reallaşdırmaq üçün kifayət qədər nüfuzu yoxdur. Lakin Minsk qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü, üç nüvə dövləti olduğu halda onların Ermənistana təzyiq göstərməsinin mümkün olmaması, əlbəttə, çoxlu suallar doğurur. Prezident İlham Əliyev vurğulayıb ki, Münaqişəni nizamlamaq üçün formal məsələlərdən qaçmaq lazımdır. Minsk qrupu indiki kimi öz işini davam etdirə bilər. Ancaq praktiki olaraq siyasi nizamlama səviyyəsinə çıxmaq üçün region ölkələri arasında regional əməkdaşlığın hansısa yeni mexanizmləri barədə düşünmək lazımdır. Ermənistana qarşı sanksiyaların tətbiq olunması məsələsinə toxunan dövlətimizin başçısının sözlərinə görə,. həmsədr ölkələr Ermənistana qarşı siyasi təzyiq göstərməlidirlər. Həmsədr ölkələr təcavüzkarı işğal olunmuş torpaqlardan getməyə məcbur etmək üçün ona hansı sanksiyalar tətbiq edilə biləcəyi barədə ciddi fikirləşməlidirlər.
Bütün dünya bilməlidir ki, münaqişənin həlli regionun sürətli inkişafına səbəb olacaqdır. Azərbaycan Şərqi Avropanın enerji təhlükəsizliyini təmin edən ölkədir. Bu gün Avropa İttifaqının üzvü olan bəzi ölkələr özlərinin ehtiyaclarının təxminən 40-50 faizini Azərbaycan nefti hesabına təmin edirlər. Əgər neft-qaz kəmərləri ilə bağlı bir hadisə baş versə, Ermənistan ciddi beynəlxalq təzyiqlə üzləşəcək. Artıq regionun inkişafı üçün müsbət əməkdaşlıq formatı yaradılıb. Bu gün Türkiyə, İran, Rusiya və Azərbaycan arasında həm üçtərəfli, həm də ikitərəfli formatlarda fəal əməkdaşlıq imkanları yaranır. Sözügedən amil tarixi, iqtisadi, nəqliyyat, geosiyasi və ən başlıcası, bu regionda təhlükəsizliyin möhkəmləndirilməsi baxımından olduqca önəmlidir. Rəsmi Ankara ilə Moskvanın yaxınlaşması strateji əhəmiyyət kəsb edir. Türkiyə və Rusiya həm ikitərəfli gündəlikdəki bir çox məsələlər barəsində, həm də regional təhlükəsizlik məsələlərində qarşılıqlı anlaşmanın yüksək səviyyəsinə nail olublar. Enerji layihələri, iqtisadi, investisiya xarakterli layihələr bu ölkələrin yaxınlaşmasına xidmət edir. Rusiya və Türkiyənin əməkdaşlığı regional təhlükəsizliyin mühüm amilidir. Türkiyə ilə Rusiyanın səylərinin birləşdirməsi Dağlıq Qarabağ münaqişəsinin siyasi yolla nizamlanmasını sürətləndirəcəkdir.
Münaqişənin davam etməsi heç kimin marağında deyil
Azərbaycan sülh istəyir. Bunu ölkə rəhbərliyi dəfələrlə dünya mediasına bəyan edib. Regiona sülhməramlıların göndərilməsi nizamlamanın sonuncu mərhələsidir. İşğalın nəticələri aradan qaldırılanda, işğal edilmiş ərazilər qaytarılanda, qaçqınlar Dağlıq Qarabağa qayıdanda sülhməramlıların göndərilməsiməsələsi aktuallaşa bilər. Erməni və azərbaycanlı əhalinin birgə yaşamasını təmin etmək üçün birinci mərhələdə ayırıcı qüvvələr lazım olacaqdır. Münaqişənin nizamlanmasında rəsmi Ankaranın rolunun olmasından danışan Prezident İlham Əliyev bildirib ki, Türkiyə qardaş dövlətdir. “Türkiyə dünyada yeganə ölkədir ki, Cənubi Qafqazın üç ölkəsi ilə onun dövlət sərhədləri var. Hazırda Türkiyə təkcə regional problemlərlə bağlı bir sıra məsələlərdə deyil, həm də qlobal planda həlledici söz sahibidir. Türkiyə həm də tamamilə müstəqil xarici siyasət yürüdür”.
Azərbaycan münaqişənin beynəlmiləlləşməsinin tərəfdarı deyil.“Ermənistan münaqişənin beynəlmiləlləşdirə biləcək təxribatlar edir və bu onun arzusudur. Region ölkələri Rusiya, Türkiyə, İran və Gürcüstan, - təbii ki, Azərbaycanın bu ölkələrlə etimada əsaslanan sıx tarixi, mədəni, siyasi münasibətləri var, - təcavüzkarın dəyirmanına su tökən hər hansı hərəkətlərdən çəkinəcəklər” – deyən Prezident İlham Əliyev Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılmayacağını önə çəkib. “Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazilərində heç vaxt heç bir referendum olmayacaq. Təyini-müqəddərat beynəlxalq hüququn mühüm prinsipidir, ancaq o, ölkənin ərazi bütövlüyünü poza bilməz” – deyə dövlətimizin başçısı nitqinə əlavə edib.