Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanı məhv olmaqdan xilas etdi

15 iyun 2020 | 16:00

Azərbaycan xalqının taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, həmin günlərdə onun gələcək həyatını müəyyən edən mühüm başlanğıcların əsası qoyulub. Belə günlərdən ən önəmlisi tariximizə qızıl hərflərlə yazılmış 15 İyun – Milli Qurtuluş Günüdür. Milli Qurtuluş Günü Azərbaycan xalqı üçün sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. İyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan, daim xalqına arxalanan Heydər Əliyevdir.

Dövlət müstəqilliyini əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq daha çətin və önəmlidir. 1990-cı illərin əvvəllərində Azərbaycanda baş verən ictimai-siyasi proseslər, qarşıdurmalar fonunda xarici dövlətlərin kəşfiyyat orqanlarının daxilimizdəki simasız dairələrlə birləşərək törətdiyi əməllər nəticəsində ölkəmizdə yaranmış ümumi gərgin vəziyyət bunu bir daha təsdiq edirdi. Azərbaycan xalqı tarixi şansdan istifadə edərək ikinci dəfə qazandığı müstəqilliyi həmin illərdə əldən vermək üzrə idi. Bu dəfə düşmənlərimizin bizim üçün daha dəhşətli plan hazırlaması isə ölkəmizə, xalqımıza və dövlətimizə faciəvi sonluq vəd edirdi. Bəli, belə bir vəziyyətdə, 1993-cü il iyunun 9-da türk dünyasının böyük oğlu ulu öndər Heydər Əliyevin xalqın çağırışına səs verərək Bakıya qayıdışı Azərbaycan Xalq Cümhuriyyətinin taleyindən daha dəhşətli hadisələrin gözlənildiyi ölkəmizi bəlalardan, müsibətlərdən xilas etdi.

İyun hadisələri - anarxiya, hərc-mərclik, xaos

XX əsrin əvvəllərində müsəlman Şərqinin ilk demokratik dövləti olan Azərbaycan Xalq Cümhuriyyəti iki il yaşamış və xarici müdaxilə nəticəsində süquta uğramışdısa, bu dəfə yenə iki ildir müstəqilliyini bərpa edən Azərbaycan Respublikası maraqlı xarici qüvvələrlə yaxından əməkdaşlıq edən daxilimizdəki xəyanətkarların əməlləri nəticəsində azadlığını itirməklə yanaşı, həm də parçalanmaq, yox olmaq, xəritədən silinmək təhlükəsi ilə üz-üzə qalmışdı. Vəziyyət o həddə çatmışdı ki, müəyyən dağıdıcı dairələr ölkəmizin bəzi regionlarını necə ələ keçirmək barədə düşünürdü.
Təbii ki, bu kimi dəhşətli proseslərin baş verməsinin əsaslı səbəbləri var idi. 1992-ci ildə silah gücünə iqtidara gələn AXC-Müsavat cütlüyü hakimiyyətdə qaldığı bir il ərzində ölkəni elə bir bərbad vəziyyətə salmışdı ki, bəzi beynəlxalq siyasi şərhçilərin dediyi kimi, artıq müstəqilliyimizi ancaq möcüzə xilas edə bilərdi. O vaxt Azərbaycan, demək olar ki, dağılırdı, ölkəmizdə anarxiya, xaos, hərc-mərclik hökm sürürdü. Respublikada qanunsuz silahlı quldur dəstələri meydan sulayırdılar. İqtidarın səriştəsizliyi nəticəsində Azərbaycan iqtisadi böhranın məngənəsində boğulur, parçalanırdı. Əhalinin ərzaq, xüsusilə çörək qıtlığı ilə üz-üzə qalması, daxili sabitliyin pozulması, həqiqəti söyləyən alimlərin, ziyalıların təqib edilməsi, “sadvalçıların” “əlikramçılarla” separat sövdələşmələri, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin fəaliyyətinin iflic vəziyyətinə düşməsi, kənd təsərrüfatının, sənayenin tənəzzülü, ölkəyə ərzaq taxılı əvəzinə qarışıq yem gətirilməsi və bir çox dəhşətli faktlar həmin illərin reallığı idi.
O vaxt Azərbaycan əhalisi artıq iqtidardakıların hansı qabiliyyətin sahibi olduğunu yaxşı bilirdi. Ona görə də AXC-Müsavat cütlüyü 1993-cü ilin yayında baş verən hadisələr zamanı ictimai dəstəkdən tamamilə məhrum olmuşdu. Elə xalqın dəstəyini itirdiklərinə görə də hakimiyyətdən getməli oldular. Çünki xalq yaxşı bilirdi ki, iqtidarda olanlar Azərbaycanın parçalanmasına, dağılmasına, torpaqlarımızın düşmən işğalına məruz qalmasına göz yumaraq var-dövlət yığmaqla, ölkəni talamaqla məşğuldurlar. Bu səbəbdən hər kəsin qəlbində həmin dövrdəki hakimiyyətə qarşı dərin nifrət kök salmışdı. Bu nifrət o dərəcədə güclü idi ki, xalq indiyədək keçirilən bütün seçkilərdə həmin düşərgəyə birmənalı olaraq “yox” deyir.

Qanlı hadisələr Azərbaycan xalqını milli istiqlaldan məhrum olmağın bircə addımlığınadək gətirmişdi

SSRİ -nin süqutundan sonra onun tərkibində olan respublikalar kimi, Azərbaycan da öz müstəqilliyini bərpa etdi. İlk illərdə – ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan mürəkkəb və çox ziddiyyətli proseslərin məngənəsində sıxılırdı. Həmin vaxt respublikaya rəhbərlik edənlərin dövlət idarəçiliyindəki səriştəsizliyi, qorxaqlığı, siyasi bacarığının olmaması, hələ də sovet rejimindən ayrıla bilməməsi, müstəqil dövləti idarə etməkdə təcrübəsizliyi vəziyyəti getdikcə ağırlaşdırır, ölkəni parçalanmaq həddinə çatdırırdı. Azərbaycan anarxiya, xaos, özbaşınalıq burulğanına düşmüşdü. Bir-birini tez-tez əvəz edən hakimiyyət nümayəndələri xalqın milli maraqlarından daha çox, özlərini düşünür, hakimiyyəti uzun müddət əllərində saxlamaq üçün müxtəlif yollara əl atırdılar. Bundan istifadə edən mənfur qonşumuz isə torpaqlarımızı hissə-hissə zəbt edirdi.
Qonşu dövlətlərlə münasibətlərin getdikcə pisləşməsi, daxildə ayrı-ayrı şəxslərə xidmət edən qeyri-qanuni silahlı birləşmələrin özbaşınalıqları, nəhayət, ölkəyə rəhbərlik edənlərin birincilik davası vəziyyəti son dərəcə gərginləşdirmişdi. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü təhlükə qarşısında qalmışdı. Bu gərginlik, hərc-mərclik ayrı-ayrı şəxslərin nəzarətində olan ordu hissələrinə də sirayət edirdi. Həmin silahlı qruplaşmaların əksəriyyəti şəxsi mənafelərə xidmət göstərir, düşmənlə vuruşmaqdansa, maddi maraqların əsirinə çevrilirdi.
1993-cü ilin iyununda ölkə vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qalmışdı. Dövlət idarəçiliyini itirən, silahlı birləşmələrə nəzarət edə bilməyən o zamankı Azərbaycan iqtidarı çaşqın vəziyyətə düşmüşdü. Artıq respublikanın bir sıra ərazilərində – Gəncədə, Lənkəranda, Qusarda və digər regionlarda silahlı qruplaşmalar açıq şəkildə mərkəzi hakimiyyətə tabe olmadıqlarını bildirdilər. Ölkədə siyasi gərginlik gündən-günə dərinləşir, vətəndaş müharibəsi həddinə çatırdı. Artıq hakimiyyətin ən yüksək təbəqələrində qruplaşmaların yarandığı açıq-aydın özünü büruzə verirdi.
O vaxtkı iqtidarın hərbi təcrübəsi və bu sahədə təhsili, qabiliyyəti olmayan, lakin korpus komandiri vəzifəsinə qədər yüksəltdiyi şəxsin birincilik iddiasına düşməsi, qanunlara tabe olmaması, “dövlət içərisində dövlət yaratması” siyasi böhranı daha da dərinləşdirirdi. Gəncədə baş qaldıran həmin silahlı dəstə Müdafiə Nazirliyinin idarəçiliyindən çıxmış və qanunlara tabe olmurdu. Dövlətə qarşı açıq müharibə elan edən silahlı dəstə bir-birinin ardınca rayonları zəbt edir, öz adamlarını rəhbər təyin edərək mərkəzə yaxınlaşırdı.
O zamankı iqtidar ardıcıl olaraq məntiqsiz qərarlar qəbul etməklə vəziyyəti daha da gərginləşdirir, qarşıdurmanı gücləndirirdi. 1993-cü il iyunun 4-də Gəncədə başlayan silahlı münaqişənin alovları getdikcə bütün respublikanı bürüyürdü. Gəncədə, o cümlədən, Bakıya qədər bir sıra rayonlarda silahlı qarşıdurmalar yaşanırdı. Müdafiə Nazirliyinə tabe olmayan 709-cu briqadanı tərksilah etmək üçün Gəncəyə göndərilən Milli Qvardiya hissələri ilə silahlı hərbi hissə arasındakı döyüş vəziyyəti son həddə çatdırdı.
Ölkəyə rəhbərlik edənlərin səriştəsizliyi, qorxaqlığı və qətiyyətsizliyi ucbatından Gəncədə qardaş qanı töküldü. İyunun 5-də Heydər Əliyevin rəhbərlik etdiyi Naxçıvan Ali Məclisi bu hadisəni kəskin pislədi və bununla əlaqədar bəyanat verdi. Bəyanatda gəncəlilərə müraciət edilərək, səbirli, təmkinli olmaları tövsiyə olunur, müstəqilliyimizin qorunub saxlanılacağına böyük inam ifadə olunurdu.
Yaranmış son dərəcə ağır vəziyyət, respublikanın parçalanması təhlükəsinin artması, xalqın və müstəqil Azərbaycan dövlətinin gələcəyini sual altına qoymuşdu. Çıxılmaz vəziyyətə düşmüş xalqın və başını itirmiş o vaxtkı iqtidarın yeganə ümid yeri Heydər Əliyev idi.
Vətənin həmin ağır günlərində xalq müdrik şəxsiyyət Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət etdi. Ümummilli lider vətənpərvər ziyalıların və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəldi.
Vəziyyət son dərəcə ağır idi. Respublika fəlakətin bir addımlığında idi. Bu faktlar 1993-cü il iyunun 4-də Gəncə şəhərində baş vermiş hadisələri təhqiq edən deputat-istintaq komissiyasının yekun rəyində də öz əksini tapırdı: “Respublikada son dərəcə mürəkkəb ictimai-siyasi şərait mövcud idi. Siyasi ehtiraslar səngimək bilmirdi, hakimiyyət boşluğu, qanunların işləməməsi, torpaqlarımızın xeyli hissəsinin erməni işğalçıları tərəfindən zəbt edilməsi, əhalinin əsas kütləsinin yoxsulluq həddindən aşağı səviyyədə yaşaması, respublikanın milli sərvətlərinin cinayətkarcasına talanması, sosial, siyasi və mədəni həyatda qarmaqarışıqlıq, özbaşınalıq, hərc-mərclik xalqın səbrini son həddə çatdırmış axırıncı bir ilin xarakterik əlamətləridir”.
1993-cü il iyunun 13-də Milli Məclisdə Gəncə hadisələri ilə bağlı gərgin müzakirələr başlandı. Gəncədəki ağır vəziyyətə görə məsuliyyət daşıyan AXC iqtidarının ikinci şəxsi, parlamentin sədri İsa Qəmbər istefa verdi. Prezident Elçibəy və digər hakimiyyət mənsubları parlament sədri vəzifəsini Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevə təklif etsələr də, o, mövcud vəziyyəti yerində öyrənmək üçün Gəncəyə gedəcəyini və yalnız bundan sonra təklifə cavab verəcəyini bildirdi. Heydər Əliyev həmin gün 30 nəfər jurnalistlə birlikdə Gəncəyə yola düşdü.
Ümummilli lider Heydər Əliyevin Gəncəyə səfəri tədricən ölkədə yaradılacaq daxili sabitliyin təməlinə çevrildi. Təbii ki, bu, çox riskli bir səfər idi. Gəncədə Surət Hüseynovun ətrafına toplaşmış silahlı dəstələr hər an ulu öndərə sui-qəsd edə bilərdilər. Lakin o, bundan qorxmadı, Vətəni, xalqı düçar olduğu bəladan, müstəqilliyimizi məhv olmaqdan xilas etmək, Azərbaycanı qorumaq üçün bu riskli səfərə getdi.
Gəncədə isə yerli sakinlər öz xilaskarını – ulu öndəri gül-çiçəklə, böyük hörmət və ehtiramla qarşıladılar. Yerli əhali küçələrə çıxır, ulu öndərə inamını nümayiş etdirir, onunla görüşür, belə ağır məqamda onlara arxa-dayaq olduğuna görə sevincini nümayiş etdirirdi.
İyunun 13-ü ulu öndərin xilaskarlıq missiyası qətiyyət və cəsarət nümunəsi kimi tarixə yazıldı. Heydər Əliyev iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi, iyunun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. Həmin vaxtdan etibarən ulu öndər ölkədə daxili sabitliyin yaradılması istiqamətində kifayət qədər uğurlu addımlar atdı, cəbhədə düşmənə tutarlı cavablar verərək, onu atəşkəs haqqında sazişi imzalamağa məcbur etdi, ölkənin yeni neft strategiyasını hazırladı və bununla da beynəlxalq aləmdə əlaqələrin genişləndirilməsinə böyük zəmin yarandı. Azərbaycan tədricən beynəlxalq aləmə inteqrasiya olundu və müstəqilliyimiz qorunub saxlanılaraq əbədiyyətə çevrildi.
15 iyun günü Azərbaycan xalqının tarixində ən önəmli, yaddaqalan gündür. Çünki məhz həmin gün hakimiyyətə qayıdan Heydər Əliyev ölkəmizi, millətimizi bəlalardan qurtardı. Onun siyasi səriştəsi, müdrikliyi, güclü iradəsi, böyük əzmi və millətinə, Vətəninə olan sevgisi, dövlət idarəçiliyindəki zəngin təcrübəsi Azərbaycanı çətin vəziyyətdən qurtardı

Heydər Əliyev həmişə xalqın yanında olub

Bütün siyasətçilər haqlı olaraq adıçəkilən addımların qurtuluş məfkurəsinə istinad edərək atıldığını söyləyirlər. Bu da təsadüfi deyildi. Çünki xalqımız və ziyalılarımız Ulu Öndərin siyasi uzaqgörənliyini hələ ötən əsrin 70-ci illərində görmüşdü. Milli tariximizlə tanış olan hər kəs yaxşı bilirdi ki, son dörd-beş onillikdə respublikamızın taleyüklü məsələlərlə bağlı bütün məqamlarında ümummilli lider Heydər Əliyev xalqın yanında olub. Azərbaycanda ilk dəfə 1969-1982-ci illərdə hakimiyyətdə olan Ümummilli Lider öz xalqını zamanın ən çətin sınaqlarından çıxararaq ölkənin iqtisadi, siyasi və mədəni tərəqqisinə nail oldu, geniş vüsət alan inkişaf proseslərinə təkan verdi. O, ömrü boyu Azərbaycan xalqının rifahı naminə çalışdı və hansı sahədə fəaliyyət göstərməsindən asılı olmayaraq, bacarığı, qabiliyyəti, fitri istedadı ilə diqqəti cəlb etdi. Ona görə də 1993-cü ilin iyununda Ulu Öndərin Naxçıvandan Bakıya qayıdışı xalq tərəfindən alqışlarla qarşılandı.
Xalq bilirdi ki, nəinki müstəqilliyin ilk illərində üzləşdiyimiz bəlalar, hətta ondan bir neçə il əvvəllər başımıza gətirilən müsibətlər də məhz Ulu Öndərin böyük siyasətdən kənarda olmasının nəticəsi idi. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin məhz dahi şəxsiyyətin siyasi hakimiyyətdən məcburi uzaqlaşdırılmasından sonra baş verməsi təsadüfi deyildi. O, Azərbaycanda və ya Moskvada hakimiyyətdə olarkən heç kim bu barədə danışmağa belə cürət edə bilmirdi. 1990-cı ilin yanvarında xalqımıza qarşı törədilən qanlı faciəyə biganə qala bilməyən Ulu Öndər hadisələrin gərginliyinə, müxtəlif təhlükələrə baxmayaraq, ölkəmizin Moskvadakı nümayəndəliyinə gələrək sovet rəhbərliyinə qarşı kəskin bəyanatla çıxış etdi. Onun həmin tarixi çıxışı Azərbaycanın siyasi həyatında yeni dövrün başlandığını bildirən ilk çağırış, milli azadlıq hərəkatına verilən möhtəşəm dəstək idi.
20 Yanvar hadisələrindən sonra Ümummilli Liderimizin Azərbaycana qayıtması, keçmiş sovet sisteminin oyuncağı olan yerli rəhbərliyin xəyanətkar hərəkətləri, ona Bakıda yaşamağa imkan verilmədiyi indi hamıya məlumdur. O da məlumdur ki, Ümummilli Lider Moskvada sakitcə yaşaya bilərdi. Ancaq o, sakitliyi və rahatlığı deyil, Azərbaycanın taleyini düşündü. Onun möhtəşəm qayıdışını doğulub boya-başa çatdığı Naxçıvan torpağı, yerli əhali hədsiz sevgi, məhəbbət və inamla qarşıladı. Hətta naxçıvanlılar bütün maneələrə baxmayaraq, qısa müddət ərzində Ulu Öndəri özlərinə rəhbər seçdilər. Ümummilli Lider hər zaman olduğu kimi, öz gəlişi ilə Naxçıvana yeni nəfəs gətirdi, onu düşməndən qorudu, ağır blokada şəraitində olmasına baxmayaraq, bu qədim Azərbaycan torpağını dirçəltməyə başladı. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun sözləri ilə ifadə etsək: “Azərbaycanın bu qədim torpağını xilas edən Heydər Əliyev özünə Naxçıvan boyda əbədi, həmişəyaşar abidə ucaltdı”.
Böyük dövlət xadiminin məhz Naxçıvandakı idarəetmə uğurlarını görən xalqımız ölkədəki xaos və anarxiyanı aradan qaldırmaq, Azərbaycan dövlətçiliyini xilas etmək naminə dahi şəxsiyyət Heydər Əliyevin ölkə rəhbərliyinə gətirilməsini tələb etməyə başladı. Naxçıvanın tarixi dövlətçilik ənənələrini müasir dövrün tələblərinə uyğun inkişaf etdirən dahi şəxsiyyət xalqın ona bəslənən bütün ümidlərini doğrultdu, Azərbaycanı yox olmaqdan xilas etdi.
Ali Sovetin 1993-cü il iyunun 15-də keçirilən sessiyası parlamentin ən gərgin müzakirələr gedən, fikirlərin ən çox haçalandığı və vaxt etibarilə ən uzun çəkən iclası oldu. Xalqın iradəsini ifadə edən deputatlar böyük səs çoxluğu ilə dahi rəhbər Heydər Əliyevi Ali Sovetin Sədri seçdilər.
“Mənim həyatım da, fəaliyyətim də yalnız və yalnız Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasına, ölkəmizin bu ağır vəziyyətdən qalxmasına həsr olunacaqdır”, – deyən Ulu Öndər problemlərin həlli üçün ölkədə vətəndaş həmrəyliyini, sabitliyi son dərəcə vacib sayırdı: “Əgər respublikada ictimai-siyasi sabitlik olmasa, sağlam ictimai-siyasi mühit olmasa, heç bir sosial-iqtisadi proqramdan, yaxud problemlərin həll edilməsindən söhbət gedə bilməz”.
Ulu öndər Heydər Əliyev qısa zamanda dövlət quruculuğu prosesinə start verdi, Milli Ordumuzu formalaşdırdı, düşmən işğalının qarşısını aldı. Ölkədə nisbətən sabitlik yarandı. 1993-cü ilin oktyabrın 3-də Ümummilli Lider xalqımızın böyük əksəriyyəti tərəfindən ölkə Prezidenti seçildi. Ulu Öndər ölkə Prezidenti kimi Vətəni və xalqı naminə yenə əvvəlki coşqunluqla, əzm və mətanətlə, işgüzarlıqla gecə-gündüz yorulmadan çalışmağa başladı.

Heydər Əliyevin hakimiyyətə qayıtmasından sonra milli barış və inkişaf dövrü.

Daxili siyasətdə:
• Heydər Əliyev Bakıya gəldikdən sonra qısa bir müddətdə daxili ictimai-siyasi vəziyyəti nəzarət altına aldı, sabitlik təmin edildi;
• Dağlıq Qarabağ münaqişəsində atəşkəs müqaviləsi imzalandı;
• Ölkə daxilində separatçılıq meyllərinin qarşısı alındı;
• İqtisadi problemlər əhəmiyyətli dərəcədə həll edildi;
• İqtisadi sahəni tənzimləyən proqressiv qanunlar qəbul edildi, o cümlədən xarici sərmayənin ölkəyə gəlməsi məqsədilə qanunvericilik sahəsi təkmilləşdirildi;
• Vətəndaşların sosial-iqtisadi vəziyyətində artım hiss edilməyə başlandı;
• Ordu quruculuğunda mühüm addımlar atıldı.
Enerji sahəsində:
• “Əsrin Müqaviləsi” imzalandı və bu kontraktla Azərbaycanın sonrakı illər iqtisadi inkişafının əsası qoyuldu. Prezident Heydər Əliyevin uğurlu enerji siyasəti nəticəsində xarici neft şirkətləri “Əsrin Müqaviləsi” çərçivəsində Azərbaycan iqtisadiyyatına 9 milyard dollar həcmində vəsait yatırdılar;
• Heydər Əliyev qətiyyət nümayiş etdirərək İran və Rusiyanın ciddi etirazlarına rəğmən ABŞ şirkətlərinin Xəzər hövzəsinə gətirdi və yataqların birgə işlənməsi başlandı;
• Əsrin Müqaviləsi çərçivəsində istehsal edilən xam neftin dünya bazarlarına çıxarılması üçün Bakı-Tiflis-Ceyhan neft boru kəmərinin inşa edilməsi məsələsini uğurla həll etdi.
Xarici siyasətdə:
• İkitərəfli və çoxtərəfli görüşlər, intensiv xarici səfərlər nəticəsində Azərbaycan informasiya sahəsində təcriddən çıxmağa nail oldu;
• Dünya ictimaiyyəti Ermənistanı bir işğalçı dövlət kimi tanıdı. Sonrakı illərdə Heydər Əliyev Ermənistanın adını bir sıra beynəlxalq sənədlərə işğalçı dövlət kimi salmağa müvəffəq oldu.

Heydər Əliyev yolu ölkəmizin bu gününün, sabahının və gələcəyinin yoludur
Bu gün respublikamızda dahi şəxsiyyətin müəyyənləşdirdiyi uğurlu siyasi xəttin qətiyyətlə davam etdirilməsi Azərbaycan xalqının xoşbəxtliyidir. Ölkəmizin firavan gələcəyinin təminatına hesablanmış praqmatik siyasi strategiya sayəsində bu gün respublikamız regionun lider dövlətinə çevrilib, ölkəmizin nüfuzu daha da artıb. Bu gün respublikamız iqtisadi inkişaf tempinə görə dünyanın ən qabaqcıl ölkələrindən biridir.
Xalqımız, dostlarımız və bədxahlarımız çox yaxşı bilirlər ki, Azərbaycanın bugünkü uğurlarının hamısının təməlində ulu öndər Heydər Əliyevin böyük siyasətə Qayıdışı və həmin Qayıdışın ölkə əhalisində yaratdığı ruh yüksəkliyi dayanır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun dediyi kimi: “Xilasımız və inkişafımız ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ötən hər ili göz önünə gətirəndə bir daha əmin oluruq ki, ölkəmizdə Heydər Əliyev siyasi kursunun alternativi yoxdur. Bu kurs, bu yol Azərbaycanda sosial-iqtisadi inkişafın yeni tələblər baxımından təmin olunmasının yeganə düzgün yoludur. Bu yol ölkəmizin bu gününün, sabahının və gələcəyinin yoludur”.
Bəli, Ulu Öndərimizin siyasi kursunun yüksək səviyyədə, ardıcıl və dönmədən davam etdirilməsi qüdrətli Azərbaycan Respublikasını daha böyük uğurlara aparır. Bu siyasət sabahkı uğurlarımızın da etibarlı qarantıdır. Azərbaycanın özü kimi əbədi olan Heydər Əliyev ideyaları yolumuzu işıqlandıran sönməz məşəldir. Bu məşəlin hərarəti isə dünya durduqca bütün azərbaycanlıların ürəyini isidəcək, müstəqil Azərbaycanın inkişafına xidmət edəcək. “Mənim üçün hər şeydən əziz mənim xalqımdır, mənim Vətənimdir, mənim torpağımdır”, – deyən ümummilli lider Heydər Əliyevin adı və əməlləri daim yaşayacaq.

Heydər Əliyevin görmək istədiyi Azərbaycan

Ötən illər ərzində Azərbaycan böyük inkişaf yolu keçib. Ölkəmizin inkişaf strategiyası məhz ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilib. Azərbaycanda Heydər Əliyev siyasətinin alternativi yoxdur. Bugünkü Azərbaycan Heydər Əliyevin görmək istədiyi Azərbaycandır.
Qazanılan bütün nailiyyətlərin əsasında Ümummilli Lider tərəfindən müəyyənləşdirilən siyasi kurs və Prezident İlham Əliyevin bu siyasi kursu uğurla davam etdirməsi faktı dayanır. Bu günün fövqündən baxanda Azərbaycanın gələcəyi daha işıqlı və firavan görünür. Çünki müstəqil Azərbaycanın idarəçilik sükanı ulu öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin əlindədir.
Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsi nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib, ötən dövr ərzində möhtəşəm iqtisadi uğurlara imza atılıb. Bunu təkcə Azərbaycan vətəndaşları deyil, bütün dünya təsdiq edir. Azərbaycana gələn hər bir şəxs ölkəmizdə gedən inkişafa heyran qalır. Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyaları işığında Prezident İlham Əliyevin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcək.

Keçidlər