Şriftin ölçüsü :

Saytın rəngi :

Xəyanətkarlara qarşı hüquq mühafizə orqanlarının tədbirlər görməsi qaçılmazdır

12 may 2020 | 16:00

“Biz korrupsiya hallarına qarşı amansız mübarizə aparacağıq”. Bu fikirlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə məxsusdur. Dövlət başçısı son çıxışlarında bu istiqamətdə bir-birinin ardınca eyni səpkili çox ciddi bəyanatlar vermiş və korrupsiyaya bulaşmış məmurları bu əməllərindən çəkinməyə çağırmışdır. Ölkədə korrupsiyaya bulaşmış məmurların həbs olunması da bu istiqamətdə barışmaz və bağışlanılmaz siyasətin həyata keçirildiyini və siyasi iradənin göstərildiyini nümayiş etdirir.

Cənab Prezident tərəfindən verilmiş tapşırıqlardan düzgün nəticə çıxarmayan, rüşvət və korrupsiya hallarına son qoymayan şəxslər dövlət tərəfindən ciddi cəzalandırılması davam edir. Dövlət Təhlükəsizliyi Xidmətinin ayıq sayıqlığı nəticəsində aşkarlanmış korrupsiya halları, rüşvətxorluq, dövlət əmlakının talama səbəblərindən həbs olunmuş Ağstafa, Yevlax, Neftçala, Biləsuvar Rayon İcra Hakimiyyətlərinin keçmiş başçılarının düşdüyü vəziyyətdən nəticə çıxarmayan növbəti şəxs İmişli Rayon İcra Hakimiyyətinin başçısıdır. Bu hallar dövlətçiliyə və xalqa xəyanət kimi qiymətləndirilir. Əgər ortada xəyanət varsa, deməli, o heç bir halda cəzasız qala bilməz. Dövlətin xəyanətə və ya xəyanətlərə qarşı sərt cəza maşınını işə salması xalq tərəfindən də müsbət qarşılanır. İnsanların sosial şəbəkələrdə bununla bağlı yazdıqları fikirlərə nəzər yetirdikdə, bir daha aydın olur ki, ictimaiyyət nümayəndələri ayrı-ayrı məmurların korrupsiya əməllərinə görə cazalanmasını və hətta həbs olunmasını müsbət qarşılayır.

“Xalq da bizim tərəfimizdədir. Bütün bu ifşaedici görüntülər hər bir Azərbaycan vətəndaşında haqlı olaraq ikrah hissi doğurur”- deyən cənab Prezident İlham Əliyev diqqəti əhalinin münasibətinə çəkmişdir. Dövlət başçısı “mənə ünvanlanan yüzlərlə, minlərlə məktubda bizim bu addımlarımıza böyük dəstək göstərilir” deyərək dövlətə xəyanət edənlərə qarşı mübarizənin bundan sonra da davam etdirilməsinin vacibliyinə işarə vermişdir.

Lakin görünən odur ki, bəzi şəxslər həyata keçirilən tədbirlərin əhəmiyyətini tam olaraq dərk etməyiblər. Ölkəmizdə karona virus pandemiyasına qarşı aparılan genişmiqyaslı tədbirlər zamanı dövlətə dəstək vermək əvəzinə öz mənafelərini üstün tutublar. Bu məmurlar dünyanı bürüyən COVİD-19 pandemiyasından minimum itkilərlə çıxmasına zəmin yaradan ölkə Prezidenti cənab İlham Əliyevin qətiyyətli siyasətinə qarşı mənəviyyata sığmayan hərəkətlər ediblər. Ölkə Prezidenti tərəfindən dəfələrlə ictimaiyyət qarşısında vəzifəli şəxslərə, xüsusilə icra başçılarına müvafiq tapşırıqların verilməsinə baxmayaraq bu halların baş verməsi dövlətin mənafeyinə ciddi zərbə vurur. Ona görə də onlara qarşı hüquq mühafizə orqanlarının tədbirlər görməsi qaçılmazdır.

Son zamanlar ölkənin hüquq-mühafizə orqanlarında həyata keçirilən kadr islahatları da korrupsiyaya bulaşmış məmurların ədalət qarşısında cavab verilməsinə hesablanıb desək, yəqin ki, yanılmarıq. Belə ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının Baş Prokuroru vəzifəsinə Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin rəisinin təyin edilməsi respublikada korrupsiyaya qarşı aparılan ciddi mübarizənin təzahürü hesab etmək olar. Aparılan ictimai-siyasi, iqtisadi, hüquqi və kadr islahatların ölkəmizin yeni inkişaf mərhələsinə keçidini şərtləndirir. Sözsüz ki, bu tədbirlərin sonunda həm məmurlar, həm də hökümət yeni və daha demokratik idarə-üsul sistemini müşahidə edəcək. Son nəticədə qazanan xalq-dövlət birliyi olacaq.

Keçidlər