Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron RİH-nin mətbuat xidməti “ən yaxşılar”dan oldu

30 avqust 2018 | 16:00

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində AR Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının layihəsi əsasında “Kaspi Geosiyasi” Araşdırmalar Mərkəzi İctimai Birliyinin təşəbbüsü ilə KİV nümayəndələri, Mərkəzi və yerli İcra hakimiyyəti orqanları mətbuat xidmətlərinin iştirakı ilə tədbir keçirilib.

Tədbirdə informasiya əldə etmək hüququ ilə bağlı KİV nümayəndələri və vətəndaşların informasiya sorğusunun cavablandırılmasında mövcud olan problemlər müzakirə olunub. Mərkəzi və yerli İcra hakimiyyəti orqanları saytlarında aparılan monitorinqin nəticələri elan edilib.

Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, Azadinform İnformasiya Agentliyinin Baş redaktoru Niyaz Niftiyev “Açıq hökumətin təşviqi - KİV və vətəndaş müraciətlərinə baxılması istiqamətində maarifləndirmənin təşkili” layihəsi çərçivəsində görülən işlərdən danışıb: “İlk növbədə İctimai Birlik və “Azadinform” İnformasiya Agentliyinin əməkdaşlarından ibarət Monitorinq Qrupu yaradılıb. İctimai Birliyin təqdim etdiyi 31 Mərkəzi İcra hakimiyyəti, Bakı şəhərinin 13 və Abşeron rayonu, eyni zamanda 23 kənd rayonun internet resursları monitorinqə cəlb olunub”.

N.Niftiyev bildirib ki, Mərkəzi və yerli İcra hakimiyyəti qurumlarının saytlarının monitorinqi zamanı informasiya bankı yaradılıb: “Vətəndaşlarla görüş, xəbərlərin statistikası və mahiyyəti araşdırılıb. Monitorinqə daxil olan qurumların sosial şəbəkələrdəki hesabları öyrənilib. Mətbuat xidmətləri rəhbərlərindən KİV və vətəndaş müraciətlərini necə araşdırdıqları, sorğulara hansı müddətdə və formada cavab verdikləri öyrənilib. Cavablara uyğun material hazırlanıb və ictimailəşdirilib. Eyni zamanda jurnalistlərin bu barədə fikirləri öyrənilib. Şikayət və müraciətlərini sosial şəbəkələrdə qaldıran insanlarla əlaqə yaradılıb, onların profillərinin real olub-olmadığı dəqiqləşib və danışdırılıblar. Niyə məhz aidiyyatı qurumlara deyil, məhz sosial şəbəkələrə müraciət etmələri öyrənilib”.

N.Niftiyev 31 Mərkəzi İcra hakimiyyətinin internet resursları sırasında 16 qurumun ƏLA xidmət göstərdiklərini bildirib: “Bu qurumların həm internet saytları aktivdir, həm sosial şəbəkə hesabları daimi yenilənir, həm də mətbuat xidməti rəhbərləri görülən işləri müxtəlif vasitələrlə ictimaiyyətə təqdim etməyi bacarırlar. Bu sırada Ekologiya və Təbii Sərvətlər, Əmək və Əhalinin Sosial Müdafiəsi, Kənd Təsərrüfatı, Vergilər, İqtisadiyyat nazirlikləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, “Azərişıq” ASC, “Azərsu" ASC, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Bakı Nəqliyyat Agentliyi, “BakuBus” MMC, Dövlət İmtahan Mərkəzi, “ASAN Xidmət”, Təhsil Nazirliyi, “Bakı Metropoliteni” QSC və "Azərenerji" ASC-ni göstərmək olar”.

N.Niftiyev internet saytları aktiv, sosial şəbəkə hesabları az yenilənən, mətbuat xidməti rəhbərlərinin görülən işləri YAXŞI təqdim edən 15 qurumun da monitorinqə daxil edildiyini bildirib: “Bu sırada Xarici İşlər Nazirliyi, Energetika Nazirliyi, Mədəniyyət Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, Müdafiə Nazirliyi, Maliyyə Nazirliyi, Maliyyə Bazarlarına Nəzarət Palatası, Dövlət Təhlükəsizlik Xidməti, Ədliyyə Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi, Dövlət Gömrük Komitəsi yer alır”.

Bakı və kənd rayonları üzrə Binəqədi, Abşeron, Füzuli, Şəki, Masallı, Qəbələ, Qazax və İsmayıllı rayon İcra Hakimiyyəti saytlarının aktiv olduğunu bildirən N.Niftiyev monitorinqlərin sentyabr-oktyabr aylarında digər Mərkəzi və yerli İcra hakimiyyətlərinin saytlarının və sosial şəbəkələrdə aktivliyinin monitorinqi üzrə davam etdiriləcəyini vurğulayıb. Onun sözlərinə görə, Abşeron rayon İcra Hakimiyyətinin mətbuat xidməti jurnalistlərlə ən yaxşı işləyən və verilən sorğulara vaxtında reaksiya verən qurumlardandır. Onun bildirdiyinə görə, Abşeron RİH yerli icra hakimiyyəti orqanları arasında ən yaxşılardan biridir.

Tədbirdə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşfiq Ələsgərli deyib ki, 2016-cı il aprel hadisələri və 2018-ci il Gəncə hadisələri zamanı mətbuat xidmətləri ilə media arasında müəyyən anlaşılmazlıq yaşandığını gördük: “Bu fakt bir daha göstərir ki, lazım olan informasiyanı lazımi anda çatdırmayanda yaranmış anlaşılmazlığı aradan qaldırmaq üçün aylar lazım olur. Sadəcə olaraq, lazımi anda bir kəlmə söz lazımdır. Məlumatı həmin anda çatdırırsansa, bu, böyük bir hesabat hazırlamaq kimi dəyərlidir. Amma həmin anda məlumat verilməyəndə, bunun fəsadları yaranır və onları aradan qaldırmağa xeyli vaxt lazım olur. Halbuki ölkəmizdə informasiya alınması ilə bağlı qanunvericilik yüksək şəkildə təşkil olunub. Bu qanunvericilik imkan verir ki, nəinki jurnalistlər, istənilən şəxs qurumlara müraciət edərək informasiya əldə edə bilsin”.

Prezident yanında Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlu çıxışında problemin səbəblərindən biri kimi mühafizəkar yanaşmaya diqqət çəkib. Onun fikrincə, yeni ideyalardan çəkinmək lazım deyil: “İdeyalar hələ əmələ çevrilməyib, müzakirəyə çıxarılıb, ən yaxşı, xeyirli tərəflərini götürmək və tətbiq etmək lazımdır. Azərbaycanda bütün sahələrdə islahatlara başlanılıb. İslahatlar şəxslərin azad düşüncələrinin məhsuludur. Ötən dövrlərdə yaşanan tendensiya artıq arxivə göndərilir. Bu gün fəaliyyətdə olan mətbuat xidmətlərinin rəhbərləri və əməkdaşları tanınmış jurnalistlərdir. Sizlər daim yazmısınız, araşdırmısınız, əhalini informasiya ilə təmin etmisiniz. Sizin üçün rəhbərliklə açıq ideyalar ətrafında müzakirə açmaq, təkliflər vermək asandır”.

Keçidlər