Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron rayonunda Ağdamdan olan şəhid ailələrinin üzvləri ilə görüş keçirilib

23 iyul 2018 | 16:00

İyulun 23-də Ağdamın işğalından 25 il ötür. Abşeron rayonunda məskunlaşan Ağdamlı şəhid ailələri ilə keçirilən görüşdə erməni işğalının acı nəticələrindən, məcburi köçkünlərə göstərilən dövlət qayğısından danışılıb, Azərbaycan Ordusunun doğma torpaqlarımızı tezliklə yağı düşməndən təmizləyəcəyi günün uzaqda olmadığına əminlik ifadə edilib.

Rayon icra hakimiyyətinin konfrans zalında keçirilən görüşdə Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova çıxış edərək, hər il Azərbaycanın şəhər və rayonlarının işğal günlərində həmin bölgələrdən olan şəhid ailələri ilə gürüşlərin keçirildiyini, bunun da məqsədinin işğal altında olan ərazilərimizin təbliğ edilməsi, gənclərimizin vətənpərvərlik ruhunda böyüdülməsi, onların unudulmamasına çalışmaq, şəhid ailələrinə dövlət qayğısı göstərmək olduğunu bildirib.

Ağdamın Azərbaycanın dilbər güşələrindən biri olduğunu, o torpaqlara geri qayıdacağımız günün uzaqda olmadığını vurğulayan başçı qeyd edib ki, hər bir Azərbaycanlının ürəyində vətən həsrəti, torpaq nisgili var.

Prezident İlham Əliyevin keçirdiyi bütün beynəlxalq görüşlərdə əsas diqqətin Qarabağ probleminə yönəldildiyini, dövlət başçısının həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın daha da inkişaf etdiyini deyən İ.Gülməmmədova ölkəmizin haqq səsinin artıq böyük dövlətlər, beynəlxalq təşkilatlar tərəfindən eşidildiyini və hesablaşıldığını vurğulayıb.

Qeyd olunub ki, Prezident İlham Əliyev torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində qətiyyətli siyasət yürüdür. Bununla yanaşı, bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən qaçqın və məcburi köçkünlərin sosial rifahının yaxşılaşdırılması, onların yaşayış səviyyəsinin normallaşdırılması istiqamətində də müvafiq tədbirlər görülür.

Ağdamdan olan şəhid ailələri doğma yurdlarına dönəcəklərinə əminliklərini bildirib, göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

Görüşün sonunda şəhid ailələrinə maddi yardım göstərilib.

Keçidlər