Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeronda ağsaqqallar, ziyalılar və din xadimləri ilə görüş keçirildi

02 avqust 2018 | 16:00

Məlum olduğu kimi, bütün dövrlərdə ağsaqqal sözünə, ağbirçək öyüdünə ehtiyac duyulub. Onların məsləhəti ilə gerçəkləşdirilən bütün işlər sonda xeyirlə nəticələnib. Bu gün də ağsaqqalların sözünün və tövsiyələrinin idarəetmə orqanları tərəfindən də eşidilməsi mövcud sosial-iqtisadi problemlərin vaxtında həll edilməsinə, milli-mənəvi dəyərlərimizin qorunmasına və inkişaf etdirilməsinə yaşıl işıq yandırır.

Avqustun 2-də Abşeron Rayon İcra Hakimiyyətində ağsaqqallarla keçirilən görüş də məhz bu məqsədə qulluq edirdi.

Toplantıda Abşeron rayon ictimaiyyətinin müxtəlif təbəqələrinin nümayəndələri, dini icma sədrləri, dindarlar, QHT sədrləri, sahibkarlar, müharibə əlilləri, ziyalılar və ağsaqallar iştirak ediblər.

Görüşü rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova açaraq toplantı iştirakçılarını qarşıdan gələn Qurban bayramı münasibəti ilə təbrik edib,dövlət başçısı İlham Əliyevin Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə göstərdiyi böyük diqqət və qayğıdan, ölkəmizin sosial-iqtisadi inkişafından danışıb. Son illər ölkədə daxili sabitliyin davamlılığının, milli maraqlara söykənən xarici siyasət fəaliyyəti nəticəsində ölkəmizin dünya birliyində layiqli yer tutmasının, eləcə də, sosial-iqtisadi sahədə həyata keçirilmiş islahatlar nəticəsində əldə edilmiş nailiyyətlərin məhz Prezidentin məqsədyönlü siyasətinin təzahürü olduğunu qeyd edən natiq dövlət başçısına minnətdarlığını ifadə edib.

Son illərdə rayonda görülən işlərdən və görülməsi nəzərdə tutulan işlərdən danışan xanım başçı bildirib ki, Abşeron rayonu qədim ənənələrə, qədim köklərə malik bir rayondur. Bu gün rayonumuzun 500 min nəfərdən artıq əhalisi var. Rayonumuz həm kənd təsərrüfatı rayonu kimi, həm də sənaye rayonu kimi inkişaf edir və öz əhalisinə xidmət göstərir. Rayonumuzda istər təhsil, istər səhiyyə, istər mədəniyyət sahəsində, istərsə də digər sahələrdə infrastruktur sürətlə inkişaf edir, böyük quruculuq işləri aparılır. Bütün bu işlər cənab prezidentin göstərişi əsasında həyata keçirilir.

Cənab prezidentin sərəncamı ilə “Azərsu” ASC-yə maliyyə ayrılıb, həmin maliyyə əsasında artıq Xırdalanda iki il müddətində böyük bir su-kanalizasiya sistemi çəkilir. Su-kanalizasiya xətləri çəkilərkən yollarda müəyyən qazıntı işləri aparılmalı olur. Layihə başa çatdırıldıqdan sonra həmin küçələrin abadlıq işləri də həyata keçiriləcək. Ona görə də, şəhərin müəyyən küçələrində, prospektlərində qazıntı işləri aparılır. Su və kanalizasiya xətlərinin çəkilişi hissə-hissə davam etdirildikdən sonra, harada işlər yekunlaşıbsa həmin yerlərdə abadlıq işləri aparılır. Bu çox böyük bir layihədir, hətta deyərdim ki, Xırdalan üçün tarixi bir hadisədir. Gələcəkdə əhali üçün böyük bir üstünlük olacaq.

İcra başçısının sözlərinə görə, bu, cənab prezidentin Abşeron əhalisinə böyük diqqət və qayğısının nəticəsidir: “İşıqla bağlı da əvvəllər müəyyən problemlərimiz var idi, gərginlik çox aşağı idi. Artıq dörd yarımstansiya tikilib. Xırdalanda, Masazırda, Qobuda, Aşağı Güzdək ərazisində tikilib istifadəyə verilib. Artıq kənd və qəsəbədaxili xətlərin dəyişdirilməsi ilə bağlı işlər görülür. Yeni tikilən yarımstansiyaların sayəsində əhalinin elektriklə təminatındakı problemlər aradan qalxacaq”.

Daha sonra çıxış edən Dövlət Təhlükəsizlik Xidməti Abşeron rayon şöbəsinin rəisi Ruslan Rəhimov Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyinin qorunması və möhkəmləndirilməsi naminə həyata keçirdiyi misilsiz xidmətləri, Ulu Öndərin siyasi xəttinin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə dövlət quruculuğu, sosial-iqtisadi inkişaf və hüquq mühafizə sahəsində uğurla aparılan islahatlar, ümumən sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsi üzrə görülən tədbirlər barədə məlumat verib.

Görüşdə iştirak edən ağsaqqallar, ziyalılar və din xadimləri də öz çıxışlarında ölkənin ictimai-siyasi həyatında baş verən hadisələrdən, ölkədə həyata keçirilən nəhəng infrastruktur layihələrindən söz açaraq mədəniyyət, elm, təhsil, din və digər sahələrin işçilərinə ölkə rəhbərliyi səviyyəsində göstərilən diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə, Abşeron rayonunda həyata keçirilən işlərə görə İcra Hakimiyyəti başçısı İradə Gülməmmədovaya təşəkkür və minnətdarlıqlarını bildiriblər.

Keçidlər