Şriftin ölçüsü :

Saytın rəngi :

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Abşeron, Xızı, Qubadlı rayonlarının və Sumqayıt şəhərinin sakinlərini fərdi qaydada qəbul edib.

16 fevral 2018 | 16:00

Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Abşeron, Xızı, Qubadlı rayonlarının və Sumqayıt şəhərinin sakinlərini fərdi qaydada qəbul edib.

 Abşeron rayonunda vətəndaşlarla görüşündə nazir ölkəmizdə ildən-ilə gücləndirilən sosial müdafiə tədbirlərinin Abşeron, Xızı, Qubadlı rayonlarının və Sumqayıt şəhərinin əhalisini də əhatə etdiyini bildirib.

Qəbula gələn vətəndaşlar əsasən sosial təminat növlərinə hüququn müəyyən olunması, bərpa müalicəsinə köməklik göstərilməsi, məşğulluğun təmin edilməsi, aktiv məşğulluq tədbirlərinə, o cümlədən özünüməşğulluq proqramına, peşə hazırlığına cəlb olunma, imtiyazlı şəxslərin mənzillə təminatı, əmək hüquqlarının müdafiəsi məsələləri ilə əlaqədar müraciət ediblər.

Müraciətlərin mühüm bir hissəsi sorğu xarakterli olduğuna görə aidiyyəti üzrə vətəndaşlara izahatlar verilib, onların müvafiq məsələlərlə bağlı hüquqi məlumatlandırılması təmin edilib. Digər müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar operativ tədbirlər görülüb. Xüsusən də işlə təmin edilməsinə köməklik göstərilməsi üçün müraciət edən bir qrup şəxsə qəbul zamanı peşə və bacarıqlarına uyğun boş iş yerləri təklif edilib və onlara seçimlərinə uyğun olaraq münasib iş yerlərinə göndərişlər verilib. Bir sıra vətəndaşların müraciətləri nəzərə alınaraq onların özünüməşğulluq proqramına və peşə hazırlığı kurslarına cəlb edilmələri tapşırılıb.

Qəbul zamanı qeyd olunub ki, regionların sosial-iqtisadi inkişafı məqsədilə ötən dövrdə qəbul edilən Dövlət proqramları Abşeron, Xızı rayonlarında, Sumqayıt şəhərində də dinamik inkişaf proseslərinə şərait yaratmaqla, çoxsaylı yeni iş yerlərinin açılmasına və bölgədə əmək resurslarının məşğulluq imkanlarının artmasına səbəb olub: “Ötən il də bu şəhər və rayonlarda əhalinin məşğulluğuna yönələn tədbirlər əmək bazarında sabitliyin davam etməsinə imkan verib. Bunun əyani ifadəsi kimi, 2017-ci ildə nazirliyin məşğulluq orqanlarına iş üçün edilən müraciətlərin sayı əvvəlki illə müqayisədə Abşeron, Xızı, Qubadlı rayonları və Sumqayıt şəhəri üzrə də əhəmiyyətli şəkildə azalıb. Ötən il məşğulluq orqanlarının xətti ilə həmin şəhər və rayonlar üzrə 3517 nəfər işsiz və işaxtaran şəxs münasib işlərlə təmin olunub, 226 nəfər peşə hazırlığına cəlb edilib, özünüməşğulluq proqramı çərçivəsində isə 80 nəfər aztəminatlı ailənin kiçik ailə təsərrüfatları yaradılıb. Cari il ərzində özünüməşğulluq proqramının genişləndirilməsi şəraitində həmin şəhər və rayonlar üzrə də ümumilikdə 404 ailənin, o cümlədən Abşeron rayonu üzrə 150, Sumqayıt şəhəri üzrə 200, Xızı rayonu üzrə 18, Qubadlı rayonu üzrə 36 aztəminatlı ailənin aktivlərlə təmin edilməklə kiçik ailə təsərrüfatlarının formalaşdırılması planlaşdırılıb”.

Qəbul zamanı nazir ayrı-ayrı vətəndaşların müraciətlərinə uyğun olaraq onların bərpa müalicəsinə cəlb edilmələri, reabilitasiya avadanlıqları və sosial xidmətlərlə təmin edilmələri üçün nazirliyin müvafiq struktur bölmələrinin məsul əməkdaşlarına tapşırıqlar verib. Qeyd edilib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sumqayıt şəhərindəki Əlillərin Regional Bərpa Mərkəzində də digər bir sıra bərpa mərkəzlərində olduğu kimi, əsaslı təmir işləri aparılmaqla müasir tələblərə uyğun reabilitasiya şəraitinin yaradılması təmin olunacaq.

Qəbul zamanı nazirliyin səlahiyyət dairəsinə aid olmayan müraciətlərdə əksini tapan məsələlər isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.

Keçidlər