Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeron rayonu V Qəbələ Beynəlxalq Mürəbbə Festivalında qalib oldu

26 avqust 2017 | 16:00

Qəbələ şəhərindəki “Qafqaz Karvansaray” otelin qarşısındakı parkda keçirilən beynəlxalq tədbirdə 22 ölkənin (Türkiyə, Almaniya, Belarus, Böyük Britaniya, Gürcüstan, Xorvatiya, İran, Qırğızıstan, Livan, Malayziya, Meksika, Moldova, Özbəkistan, Pakistan, Rumıniya, Rusiya, Polşa, Serbiya, Səudiyyə Ərəbistanı, Slovakiya, Şimali Kipr və Çin) şirniyyatçıları, eləcə də Azərbaycanın 44 şəhər və rayonunu təmsil edən mürəbbə ustaları öz məhsullarını nümayiş etdiriblər. Dünya Kulinariya Təşkilatları Birliyinin və Dünya Xalq Yaradıcılığı Təşkilatının eqidası altında keçirilən festivalı izləyənlər arasında Mədəniyyət və Turizm Nazirliyinin, Qəbələ Rayon İcra Hakimiyyətinin, Azərbaycan Milli Kulinariya Mərkəzinin rəhbər şəxsləri, bir neçə ölkənin Azərbaycandakı səfirləri, 5 mindən çox yerli və xarici turist olub.

Festivalın açılış mərasimində mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyev, Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, Milli Məclisin deputatı, Respublika Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, Ümumdünya Kulinariya Təşkilatının (WAKS) prezidenti Tomas Gugler, Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov çıxış ediblər.

Bildirilib ki, artıq 5 ildir ki, Qəbələ möhtəşəm mürəbbə festivalına ev sahibliyi edir. 2016-cı ildə 10 xarici ölkədən, 30 şəhər və rayondan, bu il isə 22 ölkədən, 44 şəhər və rayondan şirniyyatçıların iştirak etməsi bu tədbirin beynəlxalq nüfuzunun ildən-ilə daha da artmasından xəbər verir.

Natiqlər qeyd ediblər ki, belə festivalların keçirilməsində əsas məqsəd xalqımızın qeyri-maddi mədəni irsinin qorunub saxlanmasına nail olmaqdır. Mürəbbə festivalı Qəbələdə turizmin inkişafına da çox böyük təkan verən amillərdən biridir. Qəbələ indi Bakıdan sonra Azərbaycanda ikinci turizm mərkəzidir. Həqiqətən də rayona hər gün minlərlə yerli və xarici turistlər gələrək dincəlir. Qəbələ artıq festivallar mərkəzinə çevrilib. Burada Heydər Əliyev Fondunun təşkilatçılığı ilə hər il Beynəlxalq Musiqi Festivalı keçirilməsi Qəbələnin şöhrətini dünyaya yayır.

Festivalda Abşeron rayonu üçün ayrılmış yerdə, Abşeronun 15 kənd və qəsəbəsindən əl əməyi və sənaye üsulu ilə hazırlanan 53 növ mürəbbələr festival iştirakçılarına təqdim olunub.
Abşeron rayonunun müxtəlif çeşiddəki məhsulları yerli və əcnəbi turistlərin böyük marağına səbəb olub. İnsanlar əl əməyi və sənaye üsulu ilə hazırlanan mürəbbələrin dadına həvəslə baxıblar, onların hazırlanması üsulu ilə maraqlanıblar. Festivalda Abşeronun kənd və qəsəbələrinə xas hamının tanıdığı ənənəvi mürəbbələrdən başqa qeyri adi mürəbbələr də (incil, zeytun, xartut, yemiş,limon, itburnu, cır alça, sarı moruq, eləcə də müalicəvi çiçək və otlardan, bitkilərdən hazırlanan mürəbbələr) nümayiş olunub.

Münsiflərin rəyi əsasında iştirakçıların gözü qarşısında ən yaxşı mürəbbə hazırlayan şəxslər müəyyən edilib.

Müsabiqədə Abşeronun gilas mürəbbəsi keyfiyyətinə görə digər rayonların məhsulundan daha üstün hesab edilib və festivalın qızıl medalına layiq görülüb.

Keçidlər