Şriftin ölçüsü :

Saytın rəngi :

AZƏRBAYCAN-MİSİR ƏMƏKDAŞLIĞININ İNKİŞAFINDA ABŞERON RAYONUNUN XÜSUSİ ROLU VARDIR

21 iyul 2017 | 16:00

İyulun 21-də Misirin Azərbaycandakı səfirliyi ölkənin milli bayramı - İyul İnqilabının 65-ci ildönümü münasibətilə rəsmi qəbul təşkil edib. Əvvəlcə Azərbaycanın və Misirin dövlət himnləri səsləndirilib.

Misirin Azərbaycandakı səfiri xanım Suzan Cəmil Nuh inqilabdan ötən illərdə ölkəsinin keçdiyi inkişaf yolundan danışıb. Bildirib ki, bu il Misir ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasından 25 il ötür. Qardaşlıq, dostluq prinsipləri üzərində qurulan bu əlaqələr iki ölkənin daim qarşılıqlı dəstəyi ilə davam edib.
Diplomat xüsusi vurğulayıb ki, Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ və ətraf ərazilərinin geri qaytarılmasına və bütün torpaqları üzərində suverenliyinin bərpa edilməsinə yönəlmiş haqlı mövqeyi ilə bağlı BMT və İslam Əməkdaşlıq Təşkilatının qəbul etdiyi bütün qətnamələrin Misir tərəfindən dəstəklənməsi bunun bariz nümunəsidir. Suzan Cəmil Nuh bildirib ki, böyük Misir xalqı terrora qarşı mübarizəsində ona dəstək olan bütün dost və sülhsevər ölkələrin fəaliyyətini yüksək qiymətləndirir.
Suzan Cəmil xalqlarımız arasındakı münasibətlərin tarixi kökləri barədə də danışıb. O, Misirdə böyük nüfuza malik olan Mehriban Əliyeva adına məktəbin bu dostluğun göstəricisi olduğunu xüsusi vurğulayıb.

Səfir Abşeron rayonunun Azərbaycan ilə Misir arasında qarşılıqlı əlaqələrin inkişafında xüsusi rol oynadığını, digər rayonların da Misirin əyalətləri ilə belə işgüzar əlaqələr qurmasına ehtiyac duyulduğunu bildirib.

Qəbulda Abşeron rayon İcra Hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov 2007-ci ildə Qalubiyyə vilayəti ilə Abşeron rayonunun qardaşlaşması barədə protokolun imzalanmasını xatırladaraq, sənədin bütün müddəalarının uğurla yerinə yetirildiyini bildirib.

Toplantıda Abşeronda salınan Azərbaycan-Misir dostluq parkı, Xırdalan şəhər mərkəzində Qalubiyyə küçəsi, Misir-ərəb təmayüllü məktəb, Qalubiyyədə isə Heydər Əliyev Parkı, Azərbaycan küçəsi və respublikamızın birinci xanımı Mehriban Əliyevanın adını daşıyan məktəbin olması ölkələrimiz arasında dostluğun əyani təzahürü kimi qiymətləndirilib.

Görüşün sonunda F.Cəbrayılov səfirə yerli sənətkarların toxuduğu xalça hədiyyə edib.

Keçidlər