Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeronda polis işçilərinin peşə bayramı qeyd edilib

01 iyul 2017 | 16:00

Xırdalan şəhərində Azərbaycan polisinin yaranmasının 99-ci ildönümü və polis işçilərinin peşə bayramı münasibətilə tədbir keçirilib.

Yığıncaqda rayon hüquq mühafizə orqanlarının əməkdaşları ilə yanaşı, Abşeron rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova və digər rəsmi şəxslər, veteran polislər iştirak ediblər.

Abşeron Rayon Polis İdarəsində keçirilən tədbir, vətən uğrunda və cinayətkarlıqla mübarizədə həlak olmuş polis əməkdaşlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubovun şəxsi heyətə bayram münasibətilə ünvanladığı təbrik məktubu oxunub.

Tədbiri giriş sözü ilə Rayon Polis İdarəsinin rəisi Şəhriyar Şəmşirli açaraq qeyd edib ki, Azərbaycan polisinin tarixi çox da uzaq deyil. Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan az sonra, Nazirlər Şurasının 1918-ci il 2 iyul tarixli sərəncamı ilə Daxili İşlər Nazirliyi tərkibində müstəqil Azərbaycanın polis orqanları yaradılıb. Azərbaycan polisi yarandığı gündən xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət edib, asayişin və təhlükəsizliyin mühafizəsi, sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetirib. AXC süqut etdikdən sonra sovetlər birliyinin tərkibində Azərbaycan milisi insanların təhlükəsizliyini qoruyub, cinayətkarlığa qarşı mübarizə aparıb. Azərbaycan yenidən müstəqilliyə qovuşduqdan sonra polis adı bərpa olunub, polisin funksiya və vəzifələri də dəqiqləşdirilib. Azərbaycan polisi Birinci Qarabağ müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak edib. Ümummilli lider Heydər Əliyevin ölkəmizdə həyata keçirdiyi hərtərəfli islahatların nəticəsi olaraq, Azərbaycan polisi öz peşəkarlığını artırmaqla yanaşı, eyni zamanda beynəlxalq standartlara uyğunlaşdırılıb. Ulu öndər Heydər Əliyevin 1998-ci il 24 may tarixli fərmanı ilə hər il iyulun 2-si Azərbaycan Polisi Günü kimi qeyd olunmağa başlanılıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə daxili işlər orqanı, o cümlədən Azərbaycan polisi bu gün də insanların təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanır, cinayətkarlığa qarşı barışmaz mübarizə aparır.

Tədbirdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova şəxsi heyəti bu əlamətdar gün münasibətilə təbrik edib, onlara şərəfli və məsuliyyətli işlərində uğurlar arzulayıb, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində ölkədə ictimai asayişin və qanunun keşiyində ayıq-sayıq dayanmaq kimi şərəfli missiyanı Azərbaycan polisinin ləyaqətlə yerinə yetirdiyini vurğulayıb.

Daha sonra Rayon Məhkəməsinin sədri Əşir Səmədov, Polis Polkovniki Mehman Nemətov, Polis veteranı Vaqif Rəhimov çıxış edərək polis işçilərini peşə bayramları günü münasibəti ilə təbrik edtilər və 99 illik tarixə malik Azərbaycan polisinin kəşməkeşli olduğu qədər də şərəfli bir yol keçdiyini, tarix boyu Vətənə, xalqa sədaqətlə və ləyaqətlə xidmət etdiyini, dövlətçiliyin əsas sütunlarından birinə çevrildiyini bildiriblər.

Toplantıda yekun nitqi ilə çıxış edən Abşeron Rayon Polis İdarəsinin rəisi, polis polkovniki Şəhriyar Şəmşirli uzun və şərəfli yol keçən Azərbaycan polisinin bu gün də xalqa, vətənə, dövlətə ləyaqətlə xidmət etdiyini, qanunun keşiyində ayıq sayıq dayandığını söyləyib.

Sonda xidmətdə fərqlənən bir qrup polis əməkdaşına Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova tərəfindən fəxri fərman, pul mükafatı və qiymətli hədiyyələr verilib.

Keçidlər