Şriftin ölçüsü :

Saytın rəngi :

Xırdalanda “Şəhid ailələrinin və qazilərin hüquqi təminatı” adlı tədbir keçirilib

11 oktyabr 2022 | 16:33

Abşeron Rayon İcra Hakimiyyətinin dəstəyi və “Şəhid Analarına Dəstək” İctimai Birliyinin təşkilatçılığı ilə “Şəhid ailələrinin və qazilərin hüquqi təminatı” adlı layihə çərçivəsində maarifləndirici tədbir keçirilib.

Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə Abşeron RİH-nin əməkdaşları, QHT nümayəndələri, şəhid ailələri və qazilər iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edib.

“Şəhid Analarına Dəstək” İctimai Birliyinin sədri, Aprel döyüşləri şəhidi Əbdülməcid Axundovun anası Ceyran Həsənova çıxışında layihənin əhəmiyyətindən danışıb, dövlət tərəfindən şəhid ailələri və qazilərin daim diqqət mərkəzində saxlanıldığını, onların sosial təminatı və yaşayış imkanlarının artırılması istiqamətində mühüm tədbirlər görüldüyünü diqqətə çatdırıb.

Azərbaycanda Qarabağ müharibəsi əlillərinə, veteranlarına və şəhid ailələrinə göstərilən yüksək dövlət qayğısının əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu vurğulayan Abşeron RİH-nin əməkdaşı Xanım İmanova qeyd edib ki ,bu gün Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərini müharibə veteranlarının, əlillərinin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir. X.İmanova həmçinin Qarabağ müharibəsi əlillərinə, şəhid ailələrinə, veteranlarına Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən də yüksək diqqət və qayğı göstərilməsindən bəhs edib, Abşeron rayonunda da hər bir şəhid ailəsinin və müharibə iştirakçısının probleminə həssaslıqla yanaşıldığını söyləyib.

Görüşdə tanınmış hüquqşünas, Qarabağ Qazisi Vüqar Dadaşov şəhid ailələri, müharibə əlilləri, veteranları və iştirakçılarına müvafiq statusların verilməsi qaydası, onların malik olduqları imtiyaz və sosial təminat hüquqları, sosial vəziyyətlərinə uyğun olaraq göstərilən dəstək tədbirləri və s. barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.

Tədbirdə geniş fikir mübadiləsi aparılıb və şəhid ailələri və qaziləri maraqlandıran suallar Abşeron RİH-nin əməkdaşları, eləcədə hüquqşünas V.Dadaşov tərəfindən cavablandırılıb.

Daha sonra çıxış edən şəhid ailələri və qazilər bu cür tədbirlərin keçirilməsinin əhəmiyyətindən danışıb, həmçinin şəhidlərin ailə üzvlərinə və qazilərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Keçidlər