Şriftin ölçüsü :

Saytın rəngi :

Xırdalanda “Karyera quruculuğu və gender” mövzusunda gənclər üçün seminar keçirilib

14 oktyabr 2022 | 17:55

Abşeron Rayon İcra Hakimiyyəti və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Abşeron nümayəndəliyinin birgə təşkilatcılığı ilə Bakı Dövlət Universiteti nəzdində İqtisadiyyat və Humanitar Kollecində “Karyera quruculuğu və gender” mövzusunda gənclər üçün seminar keçirilib.

Abşeron Rayon İcra Hakimiyyətinin başçısının müavini - ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnar Rəhimova, BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecin direktoru Səhər Orucova, RİH-nin əməkdaşları, kollecin müəllim və tələbə kollektivinin iştirak etdikləri seminarda əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Görüşdə RİH başçısının müavini Gülnar Rəhimova çıxış edərək Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan şanlı Qələbənin gənc nəslin dövlətinə sadiq olduğunu göstərdiyini, Azərbaycan gənclərinin artıq qalib xalqın nümayəndələri olduğunu bildirib.

G.Rəhimova çıxışında qeyd edib ki, Ulu öndər Heydər Əliyevin müdrik siyasəti nəticəsində qadınların ictimai-siyasi həyata daha fəal transformasiyası, onların idarəetmədə təmsilçiliyi, bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Bu siyasət Prezident İlham Əliyev tərəfindən təsdiq olunmuş qanun layihələri, dövlət proqramları və çoxtərəfli fəaliyyət, eləcə də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüskarlığı və diqqəti nəticəsində yeni bir mərhələyə yüksəlib. Azərbaycanda gender bərabərliyinin təşviq olunması, qadın və qızların inkişafı və əmək fəaliyyəti sahələrinin genişləndirilməsi istiqamətində müvafiq tədbirlər görülüb, güclü qanunvericilik bazası yaradılıb və  digər sahələrdə olduğu kimi təhsil və karyera sahəsində də gender bərabərliyi təmin olunub.

Hazırda qadınlarımızın cəmiyyətin bütün sahələrinə daha fəal cəlb edilməsi üçün yeni perspektivlər, reallıqlar yarandığını söyləyən BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecin direktoru Səhər Orucova, onların bu prosesdən kənarda qalmadığını qeyd edib. Bu tədbir də həmin amala xidmət edir. O, qeyd edib ki, Azərbaycan qadınının həm ailədə, həm işdə, həm də cəmiyyətdəki layiqli mövqeyi dövlətimizin uğurlu, xoşbəxt sabahına, xalqımızın firavanlığının təminatlarından biridir.

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Abşeron nümayəndəliyinin əməkdaşı Fatimə Koroğluyeva çıxış edərək gənclərə “Gənc Könüllü”, təcrübəçi və üzvlük proqramı haqqında məlumat verib, onları bu proqramlara qoşulmağa dəvət edib.

Sonra “Karyera Akademiyası” təlim proqramı çərçivəsində, GİKM-in Abşeron nümayəndəliyinin təlim və tədris üzrə mütəxəssisi Nigar Abdullazadə tərəfindən gənclərə “Gender nədir?”, “Gender rolları nələrdir?” və “Gender rolları karyera quruculuğuna necə təsir edir?”, “CV”, “Müsahibə bacarıqları”, “Korporativ yazışmalar” və.s mövzuları barədə ətraflı məlumat verilib, suallar cavablandırılıb.

Məlumat üçün bildiririk ki, əməkdaşlıq çərçivəsində növbəti günlərdə də hazırlanmış proqram əsasında silsilə təlim və layihələrin həyata keçirilməsi nəzərdə tutulur.

Keçidlər