Şriftin ölçüsü :

Saytın rəngi :

“Azərpoçt”un yenilənən Abşeron filialının açılışı olub

08 iyul 2022 | 14:11

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC Abşeron rayonunda yerləşən və ən böyük filiallarından olan AZ0100 indeksli poçt filialını yeniləyərək istifadəyə verib. Tədbirdə “Azərpoçt” MMC-nin İdarə heyətinin sədri Əfqan Cəlilov, Abşeron Rayon İcra Hakimiyyəti başçısının Хırdalan şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Malik Məmmədov və digər rəsmi şəxslər iştirak edib.
Açılış mərasimində çıxış edən Ə.Cəlilov bildirib ki, 24 poçt şöbəsinin daxil olduğu Abşeron filialı əsaslı təmir olunub, xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə burada əməkdaşların sayı artırılıb, elektron növbə sistemi qurulub. İki geniş əməliyyat zalından ibarət filialda 30 nəfərdən artıq əməkdaş vətəndaşlara xidmət göstərəcək. Həmçinin nağdsız ödəmələr üçün post-terminal quraşdırılıb ki, bu da poçt əməliyyatları zamanı şəffaflığın qorunmasını təmin edəcək.
“Azərpoçt” MMC filatelistləri də nəzərə alaraq filialda marka guşəsi yaradıb. Burada vətəndaşlara markalarla yanaşı, poçt kartları, açıqcalar və digər filateliya məhsulları təqdim olunacaq.
“Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyəti ənənəvi poçt xidmətləri ilə yanaşı, bank, sığorta kimi qeyri-ənənəvi xidmətlər, elektron ödənişlər, depozitlər və digər bu kimi maliyyə xidmətləri, eləcə də biznes xidmətlərini təqdim edir.
Müştərilər artıq yenilənmiş filialda daxili və beynəlxalq poçt göndərişləri, pulköçürmələri, kommunal ödənişlər kimi bir sıra xidmətlərdən istifadə edə bilərlər.

Keçidlər