Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanla Özbəkistan arasında dostluq və əməkdaşlıq gücləndirilir

09 avqust 2022 | 12:08

Bu günlərdə Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Abşeron rayon İcra Hakimiyyətinin dəstəyi və “Ziyalı Ocağı” İctimai Birliyinin təşkilatçılığı ilə “Azərbaycan və Özbəkistan arasında dostluq və qardaşlıq münasibətləri” mövzusunda görüş keçirilib.

Görüşdə Abşeron RİH-nin əməkdaşı Elvin Zalov, “Ziyalı Ocağı” İctimai Birliyinin sədri İlahə Əliyeva, müasir özbək şairləri, professor Mirzohid Botirov, Fərqanə Dövlət Universitetinin doktorantı Mukaddamxon Ehsanova, Fərqanə Politexnik İnstitutunun müəllimləri Dilşadjon Ehsanov, Gülnoza Əkbərova, Fərqanə şəhər 13 saylı orta məktəbin müəllimi Habiba Pazilova, Mərhəmət rayon 43 saylı ümumtəhsil məktəbinin təlim və tərbiyə işləri üzrə müavini Havasxon Qamçiyeva, Daşkənd MFİ-nin “Xatın Kızlar” fəalı Şaira Dövlətova, Turan ədibləri kanalının qurucusu Mukimjon Nurbuvoyev, “Oxu” Klubunun prezidenti Zilolabanu Xolikova, habelə Tacikistanda yaşayan özbəklərdən hüquqşünas Şahnoza Calilova, cərrah Mansur Erkin və başqaları iştirak ediblər.

Əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bötövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hər iki dövlətin himni səsləndirilib.

Bu ilin iyun ayında Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin Özbəkistan Respublikasının Prezidenti, cənab Şavkat Mirziyayevin dəvəti ilə qardaş və dost Özbəkistanda olduğunu və burada keçirdiyi görüşlər çərçivəsində iki qardaş ölkə arasında hərtərəfli əlaqələrin yaradılması, milli-mənəvi dəyərlərin təbliği istiqamətində tövsiyələr verdiyini vurğulayan İlahə Əliyeva Özbəkistanın ölkəmizin ərazi bütövlüyünün bərpası işində hər zaman Azərbaycanı dəstəkləyini qeyd edib.
Bildirilib ki, Azərbaycan və Özbəkistan arasında qarşılıqlı münasibətlərin tarixi uzaq əsrlərə gedib çıxır. Özbək və Azərbaycan xalqlarını yaxın milli adət və ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir.

Daha sonra çıxış edənlərdən Abşeron RİH-nin əməkdaşı Elvin Zalov, “Ziyalı Ocağı” İctimai Birliyinin sədr müavini İsrafil Hüseynov, Fərqanə Politexnik İnstitutunun birinci prorektoru, professor Mirzohid Botirov, Özbəkistan Prezidenti Adminstrasiyasının nəzdindəki Erkin Vahidov adına Yaradıcılıq Məktəbinin Təlimçisi Dilnoza Azizova və digərləri Azərbaycan və Özbək xalqlarının dostluğundan bəhs ediblər. Çıxışçılar qeyd ediblər ki, ikitərəfli münasibətlərin inkişafında dövlət başçılarının səfərləri xüsusilə böyük əhəmiyyətə malikdir. Bu baxımdan Ümummilli lider Heydər Əliyevin, həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin varislik prinsipləri əsasında həyata keçirdiyi siyasət iki ölkə arasında münasibətlərin daha da genişləndirilməsini şərtləndirir. Prezident İlham Əliyevin Özbəkistan Respublikasına rəsmi dövlət səfəri zamanı imzalanan ölkələrimiz arasında strateji tərəfdaşlığın dərinləşdirilməsi və qarşılıqlı fəaliyyətin genişləndirilməsi haqqında siyasi Bəyannamə gələcək fəaliyyətimizin yol xəritəsidir.

Toplantıda həmçinin hər iki xalqın musiqisindən canlı olaraq mahnıları ifa edilib və şeirlər səsləndirilib.

Sonda Türk dünyası şairlərinin bir arada birləşdiyi “Buta” almanaxının 6-cı sayının təqdimatı mərasimi keçirilib.

Keçidlər