Şriftin ölçüsü :

Saytın rəngi :

Abşeronda QHT-lər üçün texniki xidmətlərin göstərilməsi sahəsində tədbir keçirildi

12 sentyabr 2022 | 10:49

Abşeron Rayon İcra Hakimiyyətinin, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin, Bakı QHT Resurs və Təlim Mərkəzinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarına 2022-ci il üzrə təşkilati-texniki xidmətlərin göstərilməsi” layihəsi çərçivəsində Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində tədbir keçirilib. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Bakı QHT Resurs və Təlim Mərkəzinin təşkilatçılığı ilə həyata keçirilən layihə çərçivəsində düzənlənən tədbirdə mərkəzin sədri Rauf Zeyni çıxış edərək layihənin əsas məqsədi haqqında məlumat verib. Bildirib ki, layihənin məqsədi Bakı QHT Resurs və Təlim Mərkəzinin üzvü olan QHT rəhbərlərinin və personalının professional idarəetmə qabiliyyətlərinin artırılması üçün institusional dəstəyin təşkil olunması, bununla da ölkədə vətəndaş cəmiyyəti institutlarının inkişafına nail olmaqdan ibarətdir.
Sonra Abşeron Rayon İcra Hakimiyyətinin nümayəndəsi Vüqar Bəşirov çıxışında Abşeron rayonunda QHT-lər birgə görülən işlər və qarşılıqlı əməkdaşlıq barəsində məlumat verib. QHT-lərin müraciəti əsasında layihələrin icrasında İcra Hakimiyyəti tərəfindən lazimi dəstək göstərilir.
Daha sonra tədbir iştirakçılarına söz verilib.
Jurnalist Ekspert Mərkəzinin sədri, tanınmış jurnalist Ceyhun Musaoğlu vətəndaş cəmiyyətinin inkişafında Bakı QHT Təlim və Resurs Mərkəzinin əhəmiyyətli rol oynadığını bildirib.
Azərbaycan Milli QHT Forumu Könüllüləri İctimai Birliyinin sədri Nərmin Kərimova çıxış edərək, Qeyri-Hökumət Təşkilatlarında könüllülük hərəkatının geniş vüsət alması barədə çıxış edib. Eyni zamanda tədbirdə iştirak edən digər QHT nümayəndələrini könüllülük hərəkatının daha da genişləndirilməsində birgə əməkdaşlığa səsləyib.
Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Abşeron filialının sədri Xudakərim Əhmədov isə çıxışında Qeyri-Hökumət Təşkilatlarının ölkəmizin təbliğində daha çox işlər görməli olduqlarını diqqətə çatdırıb.
Qeyd edək ki, layihə çərçivəsində Abşeron rayonunda, o cümlədən Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən QHT-lər üçün hüquqi, eyni zamanda, davamlı tərzdə artması və inkişafı üçün əlverişli mühit yaradılacaq. Buna əsasən, layihə çərçivəsində ictimai, dövlət və özəl sektorda milli QHT-lərin işinin və potensial rolunun artmasına yardım göstərilməsi, vətəndaş cəmiyyəti quruculuğunda milli hökumət və hər hansı beynəlxalq təşkilata informasiya və digər cəhətdən yardım göstərilməsi, hökumət, milli və beynəlxalq donorlar, texniki müəssisələr, mətbuat və xüsusi agentliklərlə əlaqələrinə kömək göstərilməsi nəzərdə tutulur.

Keçidlər