Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi

11 may 2013 | 15:00

Görkəmli siyasi xadim, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə Abşeron rayonunun administrativ mərkəzi – Xırdalan şəhərində möhtəşəm bayram keçirilmişdir. Abşeronluların sevimli istirahət guşəsi olan Heydər Əliyev Parkı ümumrayon yubiley tədbirinin episentrinə çevrilmişdir. On minlərlə rayon sakininin və qonaqların üz tutduğu park rəngarəng güllərə qərq olmuşdur.

Tədbir Ulu Öndərin abidəsinin ziyarət edilməsi ilə başlanmışdır. Abşeron rayon İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov abidə önünə rayon ictimaiyyətinin adından əklil qoymuşdur. Tədbir iştirakçıları daha sonra parkda yerləşən Heydər Əliyev Mərkəzi ilə tanış olmuşlar.
Gül-çiçəyə qərq olmuş park öz görkəmi ilə Azərbaycanın ən yeni tarixində misilsiz rolu olan ən böyük azərbaycanlı - Heydər Əliyevə insanların sonsuz hörmət və ehtiramını təcəssüm etdirirdi. Bu nəhəng sərginin seyirciləri canlı və süni güllərdən hazırlanmış müxtəlif süjetli kompozisiya, panno, stend, ikebanaların ecazkar təsiri altına düşmüşdülər. Dibçək və güllər xüsusi zövqlə düzənlənmişdi. Heydər Əliyevin güllə bəzədilmiş portretləri, dövlət atributları diqqəti cəlb edirdi. Bununla yanaşı, folklor nümunələri, tarixi abidələrin eskizləri, qəhrəmanları, həmçinin, bir sıra peyzaj kompozisiyaları da xüsusi maraq doğururdu.
Rayonun bütün təhsil və mədəniyyət müəssisələri bu tarixi günə öz töhfəsini təqdim etmişdirlər. Saray qəsəbəsində yerləşən 7 saylı uşaq evinin yetirmələrinin orijinal əl işləri sərgiyə baxan hər kəsi heyrətləndirirdi.
Bir sözlə geniş bir sahəni əhatə edən sərgi hər kəsdə xoş əhval ruhiyyə yaratmışdır. Parkda quraşdırılmış monitorda əfsanəvi siyasətçi - Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən videokadrlar göstərilmişdir.
Daha sonra parkda rayon özfəaliyyət kollektivlərinin bayram konserti olmuşdur. Gecə yarıyadək Parkda davam edən kütləvi gəzinti  möhtəşəm atəşfəşanlıqla başa çatmışdır.(AzərTAc)

r

Keçidlər